Bugun 21 yaşadək futbolçulardan ibarət milli komandamız AÇ-2025-in seçmə mərhələsində İngiltərəyə 1:5 hesabı ilə məğlub olub.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra yığmamızın baş məşqçisi Samir Əliyevin brifinqi keçirilib. Sizi onun fikirləriylə tanış edirik:
"Güclü rəqibə qarşı oynadıq. Bu səviyyədə rəqiblə qarşılaşmışdıq. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara qarşı oynayırdıq. Uşaqlardan heç bir narazılığımız yoxdu. Əllərindən gələni etdilər. Təəssüf ki, böyükhesablı məğlubiyyətə uğradıq".
- Komandanın oyunundan razısız?- Daha inamlı, aqressiv oynaya bilərdik. Amma görünən odu ki, bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdi.
- Komandanın perspektivi nə vəd edir?- Yaxşı uşaqlar var. İnanırıq ki, 3-4 nəfər əsas milliyə gedəcək. Oynadıqca yaxşı futbolçu ola bilərlər.
- İlk hissədə əks-hücumlarda komanda inamlı görünmürdü. Bunu nə ilə əlaqələndirirsiz?- Təcrübə çatmır. Futbolçular premyer-liqada oynamır. Hücumda Ağadadaş Salyanski oynayırdı. Cinahlarda isə Nəriman Axundzadə ilə Camal Cəfərov. Camal nə əvəzedici komandada oynayır, nə də premyer-liqada. Ümidimiz Nərimana idi ki, nəsə edər. O da hələ bu səviyyədə tam bilməyib. Üzərində çox işləməlidir. İlk hissədə gücümüz, enerjimiz var idi. Nəyimiz varsa, qoyduq. Qol vəziyyətləri də yaratdıq. Problemlərdən danışmaq istəmirəm.
- Oynamayan futbolçuları niyə dəvət etmisiz?- Ən yaxşıları dəvət etmişik. Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdı. 5 futbolçu sayın ki, premyer-liqada oynayır. Bu səviyyədə rəqibə qarşı başa-baş oynamaq çətindi.
- Rüstəm Samiqullin "Sabah"da Yusif İmanovun əvəzedicisidi. Ona şans verməyinizin səbəbi nə idi?- Kim deyir ki, əvəzedicidi? Klubda onlar qərar verir. U-21-də Rüstəmə də, Yusifə də şans vermişik. Yusifin psixoloji problemləri var. Ona görə Rüstəmə üstünlük verdik. Problem tək qapıda deyil. Daha qlobal problemlər var. Çox dərinə getmək istəmirəm.
- Rza Cəfərovu dəvət etməyi düşündünüz?- Xeyr. "Neftçi"də yeni oynamağa başlayıb. Əsas milliyə getsin, orada inkişaf etsin.
- Premyer-liqada 21 yaşlı futbolçuların oynaması limiti ləğv olunandan sonra U-21 millisində problemlər yaranıb?- O da çıxış yolu deyil. Daha dərindən təhlil olunmalı və məsələnin həlli istiqamətində addımlar atılmalıdı. Bundan əvvəl limit var idi, amma nəticə yox idi. Futbolçular da öz üzərlərində işləməlidir. Klublar da bu istiqamətdə iş görməlidi.
- Nəriman Axundzadənin meydanda can yandırması sizi qane etdi? Sanki Camal daha həvəsli görünürdü...- Düz qeyd etdiniz. Nərimandan daha çox şey gözləyirdik. Amma bu, futboldu. Rəqib də bizim oyunları təhlil edib. Narazılığım yoxdu. Uşaq səhvlərindən qollar buraxdıq.
- Bir neçə gün sonra Ukrayna ilə oyun var. Rəqib haqda fikirləriniz necədi?- Onlara qarşı bir oyun oynamışıq. Ukrayna tam fərqli komandadı. Kollektiv futbol oynayırlar. Qısa vaxt ərzində bu oyunu unudub tez bərpa olmalıyıq. Hələ 3 günümüz var. Belə oyunlar bizə lazımdı. Hər kəs görsün ki, vəziyyət nə yerdədi. İngiltərə son Avropa çempionudu. Amma oynamaq lazımdı. Təcrübəni belə matçlarda toplayırsan.