Ramil Şeydayevin adı son günlər azarkeşlərin dilindən, idman mətbuatının gündəmindən düşmür. Heç Almaniyaya qol vuranda, karyerasını Rusiyada davam etdirməkdən imtina edib AFFA-ya “hə” deyəndə haqqında bu qədər danışılmamışdı. Ramilin “Qarabağ”a gəlişinə hamımız sevinmişdik. Düşünürdük ki, “Trabzonspor”da və “Jilina”da axtardığını burda tapar, istedadı açılar, qolları sıralamağa başlayar. Onun istedadlı olduğuna şübhəm yoxdu. Son günlər bir xüsusiyyətinə də bələd olduq. Ramil bəxtsiz futbolçudu. Bəli, məhz bəxtinin olmaması bu gün onu ehtiyat oyunçular skamyasının daimi üzvünə çevirib, əvəzedici komandaların çemionatında oynamağa vadar edib.
Dəqiq demək çətindi ki, Rusiyada qalsaydı, Azərbaycana gəlməsəydi, indi harda olardı. Çünki futbolçunun həyatı belədi. Hər bir dəyişiklik özüylə risk gətirir, uzun və ya qısa müddətli uyğunlaşma tələb edir. Ramilin ən böyük problemi də məhz həmin uyğunlaşma oldu. Futbolçu həyatı bütünlüklə Rusiyaya, “Zenit”ə bağlıydı. Ordakı hər şeyə bələd idi. Onu tanıyırdılar, ətrafında gözüyumulu anlaşacağı komanda yoldaşları var idi. Rusiyanın gənclər millisində qolları sıralayır, özünə inam və hörmət qazanırdı. Bir andaca hər şey dəyişdi.
Sözsüz ki, bu yaşda “Zenit”in əsas heyətində möhkəmlənəcəyi inandırıcı deyildi. Birincisi, ona görə ki, Sankt-Peterburq klubu yetərincə imkanlıdı. Gənc hücumçunun nazını çəkib, onu yetişdirməkdə maraqlı deyil. Piterlilərə böyük hədəflərə çatmaq üçün hazır “qol maşını”, təcrübəli hücumçular lazımdı. İkincisi, Ramil xalis rus deyildi. Ruslar da yaxşı bilirdilər ki, qanı istənilən anda onu çəkər və Şeydayev nə vaxtsa Azərbaycana millisində oynayıb, avtomatik legionerə çevrilər. Bu isə onlara heç sərf etmirdi. Rusiyada ləngimək, daha zəif, ortababların birində oynamaq da mümkün idi. Yaxud da legioner həyatına Türkiyənin “Trabzonspor”unda yox, daha çox oynamaq şansı qazanacağı hansısa başqa klubda başlamaq. Ramil Qara dənizin sahillərində çox ləngidi. Formadan düşdü, oyun təcrübəsi də, özünəinamı da azaldı. Sonrası da hamımıza məlumdu.
Keçənə güzəşt deyərlər. Bundan sonra Ramili keçmişdə atdığı addımlara görə qınamaq, millinin və “Qarabağ”ın heyətində xərclədiyi qol şanslarına görə hesabdan silmək olmaz. Gələcəyi düşünmək lazımdı. Ona görə ki, həmin gələcək Ramilə də, millimizə də lazımdı. Şeydayevə münasibətinə görə Qurban Qurbanovu da qınaya bilmərik. Çünki biz “Qarabağ”ın məşqlərini izləmirik, komandanın oyunlarına onun gözüylə baxmırıq. Bu gün üçün Ramil rəqabətdə Mahirə və ya başqa hansısa futbolçuya uduza bilər. Faciə deyil. Məşq etməli, şansını gözləməlisən. Gözləyirsən və gəlmədiyini görürsən. Belədə klubunu dəyişirsən.
Ramilin oyunu haqda fikirləşəndə, ayrı-ayrı epizodları gözümün önünə gətirəndə, həmişə ikili hisslər keçirirəm. Bir tərəfdə San Marino ilə oyunda adi vəziyyətdə fərqlənə bilməyən, Şimali İrlandiyanın qapısı qarşısında son nöqtəni qoyarkən özünü itirən hücumçudu. Digər yanda isə Almaniya kimi adlı-sanlı rəqib qarşısında soyuqqanlı davranan, əsl hücumçulara xas davranışla topu Bernd Lenonun üzgün baxışlarının müşayiəti ilə qapıya göndərən Ramil var. Almanlarla oyunda Şeydayev təkcə vurduğu qolla diqqəti çəkməmişdi. Epizodların birində gözəl ötürmə ilə Almeydanı təkbətək çıxaran Ramil yaxşı məktəb keçdiyini, futbolu bildiyini, oynamağı bacardığını göstərmişdi. Eləcədə də “Atletiko” ilə Madriddəki oyunda “Qarabağ”ın ən yaxşılarından biri o idi. Meydan boyunca qaçır, top almağa, məhsuldar ötürmə verməyə, zərbə mövqeyinə çıxmağa çalışırdı. Bunları unutmamışıq. Sadəcə, biz daha çox məsələyə “hücumçunun işi qol vurmaqdı” prizmasından yanaşmağı sevirik. Ramil də bunda uduzur.
Görünən odu ki, Mahir Mədətov “Qarabağ”da Ramildən daha sərbəst, daha inamlı oynayır. Həm məşqçilərin etimadını qazanır, həm də komandasına fayda verir. Qurban Qurbanov da düşünür ki, Mahiri yanında oturdub, Ramili meydana buraxmaqla daha hazırlıqlı olanın haqqına girər. Burda təəccüblü nə var? Mahir Baqali Dabonu bombardirlər yarışında təqib edir, əlinə düşən fürsətləri dəyərləndirir. Risk etməyə əlyeri qoymur. Seçim etmək, Qurbanovun yerində olmaq çox çətindi. Ramil “Zenit”dən birbaşa “Qarabağ”a gəlsəydi, Türkiyədə və Slovakiyada zamanını, inamını itirməsəydi, hər şey başqa cür ola bilərdi.
Şeydayev çətin seçim qarşısındadı. İcarə müddəti başa çatır və onu “Qarabağ”a bağlayan bağlar elə də möhkəm deyil. Bunu hamımız hiss edirik. Onun dəstəyə, bu işlərdə yetərincə təcrübəli olan birinin köməyinə ehtiyacı var. Ramil daha zəif kluba yox, daha çox oynayacağı, öz oyun üslubuna uyğun kluba getməlidi. Oynamalı, oynamalı, əvvəlcə qol, sonra qollar vurmalıdı. Beləcə özünə olan inamını qaytarmalıdı. Bundan sonrası asan olacaq. Psixoloji gərginlikdən xilas olacaq, özünü rahat hiss edəcək. Biz isə onu qazanacağıq. Bəlkə də Qurban bəyin özü Ramilə sahib çıxacaq, onu itib-batmağa qoymayacaq. Ramil hamımızın dostu, Azərbaycan futbolunun dəyəridi. Şeydayev Aleksandr Səmədov deyil, Ayaz Quliyev deyil. Heç Nazarov, Pərdis, Eddi, Ladaqa, Ramim də deyil. Ramil özümüzkü, ürəkdən bizə bağlı olan futbolçudu. Onu itirməməliyik. İtirsək, bir daha tapmayacağıq. Uğur olsun, Şeydayev. “Qarabağ”da qalsan da, getsən də, ən vacibi odu ki, səhv seçim etmə!