Sizin reklam burada

Bir də keçmə bizim “Keşlə”dən...

Title
Əminəm ki, çox hörmətli Zaur Axundov da səhvə yol verdiyinin fərqindədi. İndi qalır bu səhvdən nəticə çıxarmaq, peşmanlığı ifadə edib, səhvi düzəltməyə çalışmaq. Amma bunu edəcəyinə inanmıram. Xasiyyətinə az-çox bələdik. Gürcüstanlı adaşını işindən uzaqlaşdırarkən haqsızlığa yol verdi. İlk gündən onu Bakıdan, illərini verdiyi klubdan ayırmaq üçün əlindən gələni etdi. İstəyirdi ki, Svanadze səssiz-səmirsiz, baş ağrıtmadan, əlavə problem yaratmadan öz xoşu ilə getsin. Svanadzeylə Axundovun Olimpiya stadionunun yardımçı meydançasında çəkilmiş bir şəkli var. Gürcü mütəxəssislə müqavilənin uzadılması yubadılırdı. Amma öz işini sevən Svanadze başını aşağı salıb susurdu. “İnter”i (həmin vaxtlar hələ klubun adı dəyişdirilməmişdi) Avropa Liqasının növbəti oyununa hazırlayırdı. Kluba yeni prezident təyin olunan Axundov da guya dəstəyini nümayiş etdirmək üçün məşqə yollanmışdı. Həmin şəkil də bu ziyarətdən sonra çəkilmişdi. Amma dünyanın işlərindən bir az baş çıxaran istənilən şəxs Svanadzeylə yanaşı dayanan Zaur bəyin üz ifadəsindən hər şeyi çox asanlıqla anlaya bilərdi...
Bu yaxınlarda futzal millimiz Portuqaliyaya 1:8 hesabıyla yenildi. İçi mən qarışıq çoxları “Keşlə” ilə yanaşı, Futzal Federasiyasına da prezidentlik edən Axundovu tənqid etdik. Deyirdik ki, yığmaya braziliyalıları doldurub, qapımızdan 8 top buraxırıqsa, nəyimizə lazımdı bu legionerlər? Yerli idmançılara şərait yaradılmasını, öz balalarımıza millinin formasında meydana çıxmaq şansı verilməsini tələb edirdik. Zaur Axundovun cavabı özünəməxsus oldu. Milliyə cavadehlik daşıyan, federasiya rəhbərinə və ciddi funksionerə yaraşmayacaq şəkildə dedi ki, lazım gəlsə, komandada hinduları və çukçaları oynadacaq, onun üçün Azərbaycan bayrağının ucalması vacibdi, futzalçıların milliyyəti yox. Düzdü, üstündən bir neçə saat ötəndən sonra AFFA-nın baş katibi Elxan Məmmədov da Zaur bəyin sözlərinin yanlış olduğunu dilə gətirdi. Amma artıq gec idi, ox yaydan çıxmışdı. Axundov bu açıqlamasıyla işin mahiyyətini də, özünün idarəçilik üslubunu da ortaya qoymuşdu. Zaman isə hər kəsin cavabını verir, o cümlədən də Axundovun. Buyurun, “Keşlə”nin nəticələrinə baxın.
Adama deyərlər ki, belə yaxşı əcnəbi seçən, legionerlə nəticə qazanansansa, bunu “Keşlə”də niyə edə bilmirsən? “Keşlə”nin heyətində səkkiz fərqli ölkədən eyni sayda əcnəbi futbolçu çıxış edir. Ölkələrin adına baxın: Qambiya, Kamerun, Yamayka, İtaliya... Bu legionerlərdən yalnız ikisi Svanadzenin vaxtında komandada oynayırdılar. Həm Adrian Skarlatake, həm də Denis Silva “Sumqayıt”la oyunda ən yaxşılardan idilər və sona qədər komandaya kömək etməyə çalışdılar. Bəs hanı başqaları? Hanı Zaur Axundovun “Keşlə”ni gücləndirmək üçün qışda transfer etdiyi legionerlər? Qış fasiləsində komandaya gətirilən altı əcnəbi futbolçudan dördü “Sumqayıt”a qarşı oynayıb. Çox güman, limitə görə Maksimov seçim etməyə məcbur olub, Nemanya Stoyanoviçlə Pablo Podionun adı iştirak ərizəsinə salınmayıb. Gör iş hara gəlib çatıb ki, “Keşlə”də legioner bolluğudu, çalışdırıcı seçim imkanı qazanır. Zaur Svanadzenin zamanında isə komandada nəinki legionerlər, heç yerli futbolçular da çatışmırdı. Amma nəticələr indikindən abırlı idi. Yəqin ki, çox hörmətli prezident “transferləri mən etməmişəm, baş məşqçi onları bəynmişdi. Nəticələrə də Yuri Maksimov cavabdehlik daşıyır” deyərək, yaxasını kənara çəkməyəcək. Belədisə, onda Zaur bəy özü nə işlə məşğul olur? Onun işi yalnız icra hakiminin köməyinə arxalanıb, büdcə təşkilatlarında bir qarın çörək puluna çalışanları stadiona gəlməyə məcbur etmək deyil axı. AFFA-dan Axundovu “Keşlə”yə etibarlı kadr, bacarıqlı funksioner kimi göndəriblər. İndi də bu etimadı doğrultmaq lazımdı.
“Keşlə”nin maddi sıxıntıları bitib, futbolçuların aylarla maaş almadığı günlər geridə qalıb. Komanda qış fasiləsində də yaxşı hazırlıq keçib, Antalyaya yollanıb. Bəh-bəhlə gətirilən, ağ rəngli kresoya əyləşdirilib, “Keşlə”ylə münasibətləri rəsmiləşdirilən ukraynalı çalışdırıcısı Yuri Maksimov da öz yerində. Bəs nəticələrə görə kim cavab verəcək? Qış fasiləsindən sonrakı ilk oyunda “Keşlə” məğlubiyyətdən çətinliklə qurtuldu. Gəncədə isə “Kəpəz”in gözləniləndən də zəif oynaması Maksimovun işinə yaradı, “Keşlə” məntiqli və kəsərli hücum belə qurmadan 3 xal qazandı. Meydan sahiblərinin verilməyən penaltisi də uzun müddət müzakirə olundu. “Sumqayıt”la oyundakı məğlubiyyət isə “Səbail” və “Kəpəz”lə qarşılaşmalarda yaşananların məntiqi nəticəsi idi. Başa gələn çəkilir, cənab Axundov.
Yuri Maksimovu “Keşlə”yə gətirərkən avrokuboklara vəsiqədən dəm vururdular. Mövsümün sonuna 11 tur qalıb. “Keşlə” 17 oyuna topladığı 12 xalla sondan ikinci pillədədi. Toplama-çıxma, vurma-bölmə aparmaq belə mənasızdı ki, bu komandanın 4-cü pillədəki “Sumqayıt”la aradakı 15 xallıq fərqi aradan qaldıra bilməyəcəyinə əmin olasan. Kubokdakı perspektiv də dumanlıdı. Deməli, Axundov 6 aylıq müqavilə bağladığı Maksimovu yayda yola salacaq, yeni macəraların axtarışına başlayacaq. Maksimov da buralarda gördüklərindən dəhşətə gələcək, üzü vətəninə doğru qaçacaq. Bir daha geri dönməmək şərti ilə.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.