51 kq çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında keçiriləcək Olimpiadada iştirak hüququ qazanıb. O, boks millimizin Parisə lisenziya əldə edən 3-cü təmsilçisidi. Nicata qədər Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) buna nail olub. Qazaxıstanın 5, Özbəkistanın 4 lisenziya ilə qayıtdığı yarışdan biz 1 medal ilə qayıtdıq. Görəsən, bu enişin səbəbi nədi? Bu sualı Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov cavabladı:
“Komandamızın hesabında üç lisenziya var və təsnifat yarışları hələ bitməyib. Mayın 23-dən iyunun 3-dək Taylandda da analoji yarış keçiriləcək. Komandamızın orda da mübarizə aparacağını nəzərə alsaq, inanırıq ki, Paris-2024-ə vəsiqələrimizin sayı daha da artacaq. Hazırda ölkəmiz lisenziya sayına görə kişi boksçuların siyahısında dünyada 7-11-ci yerləri bölüşür. Beynəlxalq Boks Assosiasiyasına üzv olan 200-dən artıq ölkədən yalnız 44-ü buna nail olub. Hədəf Olimpiadaya bacardığımız qədər daha çox vəsiqə qazanmaq və yarışda ölkəmizin idman şərəfini layiqincə qorumaqdı”.
GÜNAY SÜLEYMANOVA




