Minifutbol çempionatında mövsümə iddialı başlayan "İnter"in nəticələri qənaətbəxş deyil.
Hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan komanda heyətini daha da gücləndirmək üçün qış fasiləsində bəzi transferlərə imza atdı. Bunlardan biri də qapıçı Hüseyn Məmmədovdu. Hüseyn bəyin yeni komandası, çempionat ilə bağlı təəssüratı necədi, kimləri çempionluğa iddialı sayır?
"Artıq bir-neçə oyunda iştirak etmişəm. Həqiqətən yüksək səviyyədə təşkil olunan çempionatdı. Təşkilati işlər, oyunlar yüksək səviyyədədi. Bizi də bir qədər cavanlaşdırdı. Sanki gənc yaşlarımıza qayıtdıq. Uzun illər yığmanın şərəfini qorumuş, tanınan klublarda oynamış futbolçular bir yerdədi. Komanda olaraq hədəfimizi daha yaxşı yerlər uğrunda mübarizə aparmaqdı, bunun üçün əlimizdən gələni edirik. Çempionatda həqiqətən səviyyəli komandalar, gənc futbolçular çoxdu. Bizim üçün asan deyil. Lakin çalışacağıq ki, yüksək səviyyədə iştirak edək. Bu il bir çox komanda yaxşı nəticə üçün çalışır. Fikrimcə, çempionluq mübarizəsi "Zirə" ilə "Birbaşa Bakı" arasında olacaq. Uzun illərdi bu çempionatda iştirak edirlər. Hər ikisi ilə oynamışıq və güclərini, səviyyələrini bilirik".
GÜNAY SÜLEYMANOVA