“Şüa” İdman-Sağlamlıq Mərkəzində stolüstü tennis üzrə ölkə çempionatı keçirilib. Komanda yarışlarında kişilərdə “Bakı-2” qızıl, “Bakı-1” gümüş, “Sumqayıt” bürünc, qadınlarda “Bakı-1” qızıl, “Sumqayıt” gümüş”, “Bakı-2” isə bürünc medal qazanıb. Qarışıq qoşa yarışlarda Yusif Qafarlı – Nəzakət Qarayeva cütlüyü bütün rəqiblərinə qalib gəlib. Vəzir Allahverdiyev – Məryəm İmanova tandemi ikinci yerlə kifayətlənibsə, Əliverdi Şahgəldiyev – Şərmin Şirinova dueti ilk “3-lüy”ü qapayıb. Qoşa yarışlarda kişilərdə Əliverdi Şahgəldiyev – Nurlan Həsənov cütlüyü “qızıl”ı, Şirxan Alızadə – Emin Məmmədov tandemi “gümüş”ü, Ramil Cəfərov – Kənan Pənahov dueti isə “bürünc”ü boynundan asıb. Qadınların analoji yarışında ilk “3-lük”də uyğun olaraq Məryəm İmanova – Şərmin Şirinova, Bilurə Eminova – Nəzakət Qarayeva, Xədicə Əbilzadə - Zemfira Mikayılova cütlükləri yer alıb. Fərdi mübarizəyə gəlincə, kişilərdə Ramil Cəfərova batan olmayıb. O, finalda Emin Məmmədova qalib gəlib. Əliverdi Şahgəldiyev isə üçüncü yeri tutub. Qadınlarda Nəzakət Qarayeva ölkə çempionu olub. Bilurə Eminova fəxri kürsünün ikinci, Məryəm İmanova isə üçüncü pilləsinə qalxıb.