“Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı “Səbail”in ona ödəməli olduğu 70 min manatı ala bilmədiyindən FİFA-ya şikayət edib.
Maraqlıdı, futbolçu dünyanın ali futbol qurumundan nə istəyir?
“Football-plus.az”ın bu sualını futbolçunun vəkili Elcan Həsənli cavabladı:
“Bəli, fevralın 27-də FİFA-ya müraciət etdik. Çünki AFFA-nın İntizam Komitəsi bizə cavab verdi ki, bu məsələyə baxmaq səlahiyyətimiz çərçivəsində deyil. FİFA-nın reqlamentində oyunçuya vaxtı keçmiş məbləğin ödəniş qaydası birbaşa göstərilir. Lakin AFFA-da bunlar yoxdu. Düşünürük ki, bu, oyunçuların hüquqlarını kobud şəkildə pozur. Buna görə də yeganə yolumuz FİFA-ya müraciət etmək idi. FİFA-nın reqlamentində bildirilir ki, qərar çıxarılandan sonra 45 gün ərzində göstərilən məbləğ ödənilməlidi. AFFA-nın qərarında vaxt göstərilməsə belə, ödənilmə müddəti 45 gündən ibarətdi. Artıq qəradan iki ay keçib, pul hələ də ödənilməyib. FİFA bu işə baxacaq və qərarını verəcək. Və ya AFFA-ya göstəriş verəcək ki, bu məsələ ilə bağlı qanunvericilikdə düzəliş etsin".
GÜNAY SÜLEYMANOVA