"Turan Tovuz 2"nin baş məşqçisi sirləri ifşa etdi - "Budaq məsuliyyət daşımalıdı"

3.02.2024 23:16 922
Ölkə futbolu / Manşet
Əvəzedicilər liqasının 20-ci turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda utandırıcı hadisə yaşanıb.

Belə ki, meydan sahiblərinin iki futbolçusu arasında insident baş verib. Daha dəqiqi, Budaq Nəsirovla Elxan Qasımov arasında mübahisə yaşanıb. Getdikcə şiddətlənən söz davası oyunçuların qeyri-peşəkar addım atmasıyla, qısası, idmançı etikasına uyğun olmayan təcavüzkar davranış sərgiləməsiylə nəticələnib. Belədə baş hakim Səbuhi Bayramov hadisələrin axarına müdaxilə etməyə məcbur olub. Ədalət təmsilçisi futbolçulara qırmızı vərəqə göstərib.

Vurğulayaq ki, bu oyunçular arasında əvvəldən gərginlik olub, sadəcə, artıq yaşıl meydana da sıçrayıb. Budaq 70-ci dəqiqədə əvəzlənib ehtiyat oyunçular skamyasına göndəriləndən sonra orda olan Elxanla dialoqunun sərt yöndə uzanması xəşagəlməz halla bitib.

İndi gündəmdə olan bir çox məsələ var. Bunlardan ən vacibi illər sonra böyük futbola qayıdan Budağın gələcək karyerasıdı. İddialara görə, “Turan Tovuz” rəhbərliyi onunla müqaviləyə xitam vermək üzrədi. Üstəlik hadisə şahidlərinin Elxanın tərəfini tutması, məhz Budağın günahkar olduğunu deməsi futbolçu üçün mənfi haldı.

Bilindiyi kimi, oyunçu əsas komandanın üzvüdü. Sadəcə, baş məşqçi Ayxan Abbasov formasını bərpa etməsi üçün onun əvəzedici komandada təcrübə qazanmasını, məşqlərdə və oyunlarda iştirakını istəyirmiş. Əlbəttə, səbəblərdən biri də Budağın Türkiyəyə girişinin qadağan edilməsidi. Daha əvvəl də yazdığımız kimi, futbolçu qardaş ölkədə qanunla icazə verildiyindən daha uzun müddət yaşadığı üçün ikiilliyə kənarlaşdırılıb. Klub rəhbərliyinin və Budağın deportasiyanın aradan qaldırılması yönündə müraciətləri isə işə yaramayıb. Belədə futbolçu “Turan Tovuz”un Türkiyə toplanışlarında iştirak edə bilməyib. Nə ötən yay, nə də bu qış fasiləsində...

Komandanın baş məşqçisi Ayxan Abbasovun bu olayla bağlı fikirlərini öyrənməyə ehtiyac duyduq. Həm də Budağla bağlı yekun qərarı məhz o verəcəyindən hansı düşüncədə olduğunu soruşduq:

“Matçda başverənlər hər kəsə məlumdu. Budağın yol verdiyi hərəkət bizə həqiqətən çox pis təsir etdi. Hazırda onu əsas komandadan kənarlaşdırmışıq. Misli premyer-liqasının 21-ci turunun “Sabah” – “Turan Tovuz” matçından sonra yekun qərarımızı açıqlayacağıq”.

Daha sonra əvəzedici komandanın baş məşqçisi Nizami Ocaqverdiyevə müraciət etdik. Mütəxəssis "football-plus.az"a açıqlamasında bizdə olan bilgilərin doğru olduğunu dedi:

“Xoşagəlməz hadisə ilə bağlı mütləq ölçü götürüləcək. Futbolçular aralarındakı mübahisədən sonra dava etmək istəsələr də, ehtiyatda qalan komanda üzvləri, həmçinin məşqçilər bunun qarşısını aldı və onları sakitləşdirdi. Nəsirovla Qasımov söz savaşına çıxmışdılar. Bu da hakimin nəzərindən qaçmadı. Bu mübahisənin nədən qaynaqlanması və kimin günahkar olması ilə bağlı araşdırma aparılır. Hər şey dəqiqləşəndən sonra, təbii ki, klub tərəfindən hər ikisi cəzalandırılacaq. Vacib məsələni də vurğulayım. Mübahisə oyunla yox, hansısa şəxsi məsələ ilə bağlı olub. Düşünürəm ki, Budaq daha çox məsuliyyət daşımalıdı. Başverənlərin belə nəticələnməsinin əsas səbəbkarı odu”.

Qeyd edək ki, nə Budaq Nəsirov, nə də Elxan Qasımov məsələ ilə bağlı açıqlama vermək istədi. Eybi yox, bəlkə də utanc hissi onların dilini bağlayıb...

KƏNAN BAHADIR