Anelka 18 ildən sonra Türkiyəyə qayıtdı!

29.01.2024 00:10 198
Dünya futbolu
Türkiyəyə dünyaca ünlü ulduzların gəlməsinin tez-tez şahidi oluruq.

"Football-plus.az" xəbər verir ki, bu dəfə isə qardaş ölkəyə karyerasını artıq başa vurmuş məşhur bir isim ayaq basıb. Söhbət Nikolya Anelkadan gedir. Belə ki, 1-ci liqa təmsilçisi “Ümraniyəspor” Anelkanı icraçı direktor vəzifəsinə təyin edib! Klubda bütün başverənlərə, eləcə də transferlərə məhz o nəzarət edəcək. 44 yaşlı fransalı futbol adamı srağagün Türkiyəyə ayaq basdı. Dünən isə o, jurnalistlər önündə birillik müqaviləyə imza atdı. Bununla da Anelka 18 illik fasilədən sonra Türkiyəyə qayıtmış oldu. Xatırladaq ki, karyerası ərzində PSJ, “Arsenal”, “Liverpul”, “Real”, “Mançester Siti”, “Çelsi”, “Yuventus” kimi nəhənglərdə top qovmuş Anelkanın yolu Türkiyədən də keçib. O, 2005-ci ilin yanvarında sürpriz şəkildə “Fənərbaxça”ya transfer olunmuşdu. İstanbul nəhəngi ilə bir çempionluq yaşayan Anelka ilyarım ərzində 57 rəsmi oyunda 16 qol, 15 məhsuldar ötürməlik performans sərgiləmiş və 2006-nın yayında Türkiyədən ayrılmışdı. 2016-da karyerasını başa vuran məşhur isim o vaxtdan bəri 2 il (2018-20) “Lill”in gənclərdən ibarət komandasını çalışdırmışdısa, ən son 2021-də Fransa təmsilçisi “Yer”də idman direkotru vəzifəsini icra etmişdi.

Anelka dünənki imza mərasimində bunları deyib:
“Mənim üçün bu iş yeni bir başlanğıcdı. Artıq planlarımı həyata keçirmək fürsətim yaranıb. Harda olmaq istəyirdimsə, indi məhz ordayam. İstanbulu və Türkiyəni sevirəm. Məni tanıyanlar Türkiyəni nə qədər çox sevdiyimi bilir. “Ümraniyəspor”un bundan sonrakı inkişafını görmək üçün indidən səbirsizlənirəm. Təcrübəm sayəsində kluba fayda verməyə çalışacam. İstanbul nəhəngləri dünya səviyyəli ulduzları Türkiyəyə gətirə bilir. Türkiyə futbolunda həmişə səviyyə olub. Ona görə də adlı-sanlı oyunçuların bura gəlməsinə təəccüblənmirəm. Uşaqlarla işləməyi, “altyapı”dakı işə nəzarət etməyi sevirəm. Bura gəlməyimin səbəblərindən biri də məhz budu. İstedadlı uşaqları kəşf edib “Ümraniyəspor”a və Türkiyə futboluna qazandırmaq istəyirəm. Elə psixoloji cəhətdən də Türkiyə futbolunun bir qədər inkişafa ehtiyacı var. Asan olmayacaq. Çox çalışmalıyıq”.


Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə superliqada iştirak edən amma sonda elita ilə vidalaşmalı olan “Ümraniyəspor” hazırda 1-ci liqada 11-ci pillədə qərarlaşıb.