Romario istefaya çağırdı, Ançelotti sərt cavab verdi

19.11.2026 19:39 0
Dünya futbolu
Karlo Ançelottinin Braziliya yığmasındakı fəaliyyəti Romarionu qətiyyən qane etmir. Milli komandanın sabiq hücumçusu italiyalı baş məşqçini istefaya çağırıb.

DÇ-1994-ün qalibi yoldaşlıq oyununda Yaponiyaya 2:3 hesabıyla uduzan yığmanın çalışdırıcısını istefaya səsləyib. Romario bu il keçirilən dünya çempionatından sonra da Ançelottini kəskin tənqid etmişdi.

Dünya şöhrətli mütəxəssis isə onun istefa tələbinə sərt cavab verib. “Globo”ya açıqlamasında Romarionun tənqidlərinə münasibət bildirərkən onun həddindən artıq çox danışdığını deyib:

“Bu, söz azadlığıdı. Demokratik ölkədə hər kəs öz fikrini bildirmək hüququna malikdi. Romario da fikrini söyləyib. Hər kəsin həqiqəti, yalanı və ya cəfəngiyyatı danışmaq hüququ var. Həqiqət budu ki, Romario həddindən artıq çox danışır. Bu da onun hüququdu. Braziliya yığmasında hazırda futbolçuların və oyun sxemlərinin sınaqdan keçirildiyi mərhələdi. Yeni oyunçuları yoxlayırıq. Qiymətləndirmələrimiz çox müsbət yöndədi. Hər zaman yaxşı oynamaq istəyirik, amma eyni vaxtda sınaqlar aparmaq, heyəti yeniləmək və tam hazır komandaya sahib olmaq mümkün deyil. Hamımız komandamızın düzgün yolda olduğunu hesab edirik. Bu istiqamətdə özümüzə böyük inamımız var və seçdiyimiz yolla davam edəcəyik”.