"Sizi maraqlı, ədalətli liqa gözləyir" - Cahangir Fərəcullayevdən futzal vədi

19.11.2026 21:19 0
İdman
Bu gün futzal üzrə yeni mövsümün püşkatma və tanıtım mərasimi keçirildi.

“Radisson” otelində təşkil olunan tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev açılış nitqi söylədi:

“2026/27 mövsümündə dəyişikliklər baş verəcək. Futzal Federasiyası artıq AFFA-nın nəzdində departament kimi fəaliyyət göstərəcək. Artıq dəyişikliklərə ehtiyac var. Bu il çempionatın formatı dəyişir. Yeni komandalar iştirak edəcək. Hər birinə uğurlar arzulayıram. Sizi maraqlı, ədalətli liqa gözləyir. Yaxınlarda milli komanda yeni dövrə qədəm qoydu. Bundan sonra millimizdə yalnız azərbaycanlılar oynayacaq. Lənkəranda keçirilən oyun böyük izdihama səbəb oldu. Milliyə uğurlar arzulayıram. Ümid edirəm ki, bundan sonra reytinqdə irəliləyəcəyik. Futzal yeni tərəfdaşların maraq dairəsindədi. Artıq “Xırdalan 0.0” ilə əməkdaşlıqa başlamışıq”.

“Xırdalan” əmtəə nişanının məxsus olduğu “Carlsberg Azerbaijan” şirkətinin direktoru Krasimir Lazarov da çıxış etdi:

“2023-cü ildən AFFA ilə əməkdaşlıq edirik. Bir yolda olduğumuzdan məmununuq. Eyni zamanda Millətlər liqasında Azərbaycan millisini əldə etdiyi uğura görə təbrik etmək istəyirəm. Sadəcə, milli komandanı yox, futzalı da dəstəkləmək qərarına gəldik. AFFA ilə futzalın gələcəyi ilə bağlı danışıqlarda belə qərara gəldik ki, “Carlsberg Azerbaijan” olaraq, öz dəstəyimizi verək. Bütün komandalara uğurlar arzulayıram”.

Daha sonra tərəflər arasında yığmaya sponsorluqla bağlı müqavilə imzalandı.