Dünən “Qarabağ”ın və millimizin üzvü Aleksey İsayev “instaqram” hesabında ingilis dilində yazdığı cümlələrlə “Sabah”la vidalaşdı.
Xatırladım ki, futbolçu yanvarın 4-də “bayquşlar”dan ayrılıb, “köhlən atlar”a qoşulmuşdu. Yəni düz 13 gün sonra sabiq kollektivinə təşəkkür etməyi lazım bildi. Özünün dediyinə görə, səbəb bu imiş: “təəssüf ki, bir az gec oldu. Sadəcə, hər şeyi sözlə necə ifadə edəcəyimi bilmədim”.
Vida mesajıyla hər kəs tanışdı. Alekseyin yazısında qeyri-adi heç nə yoxdu. Minnətdarlıq edib, bu qədər. Həqiqətənmi, loru dildə desək, şablon ifadələrdən istifadə etmək üçün 13 gün “götür-qoy” etmək lazım idi? Futbolçunun davranışına hörmətsizlikdən başqa nə ad qoymaq olar? “Sabah” yanvarın 4-də həmin o təşəkkürü etmiş, 5-də isə əlavə jestlə çıxış etmişdi. Daha dəqiq desək, futbolçunun vurduğu qolların əks olunduğu videoçarx yaymış, azarkeşlərə “Aleksey İsayevi “Sabah”da ən çox hansı oyunuyla xatırlayacaqsız?” sualını ünvanlamışdı. Elə həmin gün futbolçunun oyunlarda çıxış edərkən çəkilmiş şəkillərindən də reportaj yayınlanmışdı. Təəssüf ki, bunların qarşılığında susqunluq gördük. Heç olmasa, paylaşımı bəyənərdin, rəylərə bir söz yazardın, ay zalım! Vallah, sübut edə bilməsəm də, and içərəm ki, sən təşəkkür etməyi unutmuşdun. Kaşuk kimi... Amma ona baxıb özünə təsəlli verə bilərsən. Çünki adaşın düz bir ay sonra vidalaşmağı lazım bilmişdi...
“Sabah”, nədi Alekseylərdən çəkdiyin?
KƏNAN BAHADIR