Qış fasiləsi yekunlaşmaq üzrədi. Artıq gələn həftə ölkə çempionatında 19-cu turun oyunları keçiriləcək.
Görəsən, bundan sonra klublarımız arasında hansısa böyük keçidlər gözlənilirmi? Bu suala aydınlıq gətirmək üçün menecerlərdən Tural Əsgərovun fikirlərini öyrəndik. Onun "football-plus.az"a söylədikləri:
"Bundan sonra adı, statusu böyük olan futbolçuların tansferini gözləmirəm. Bununla bağlı xüsusi gözləntim yoxdu. Hazırda transfer dönəmi nisbətən passivdi. Bir çox klublar artıq limiti doldurub. Qaydalara görə mövsüm ərzində sifariş olunan 13-cü əcnəbidən başlayaraq, böyük rüsum nəzərdə tutulduğuna görə artıq bu saya yaxınlaşmış klublar passivlik göstərir. Böyük adlandırdığımız "Qarabağ", "Neftçi" və "Sabah"ı kənara qoysaq, qalan klublar bu baxımdan əziyyət çəkirlər. Ona görə də hər şey gözlənildiyi kimi gedir. "Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanacağını hər birimiz düşünürük. Bu il Avropa Liqasına vəsiqə yolunda favoritlər "Neftçi" ilə "Zirə"di. "Səbail"lə "Araz-Naxçıvan"ın onlarla rəqabətə girib-girə bilməyəcəyi sual altındadı. "Sabah" da bacardığı qədər mübarizəyə qoşulmağa çalışacaq".
GÜNAY SÜLEYMANOVA