Tyerri Anri 2014-cü ildə butslarını mıxdan assa da, futbolla vidalaşmadı.
"Football-plus.az" xəbər verir ki, O, Keyt Abdo, Ceymi Karrager və Mayki Riçardsla birgə idman telekanallarında müntəzəm görünür. Ötənlərin əfsanəvi futbolçusu ötən ilin avqustunda Fransanın U-21 yığmasının “sükanı arxasına” keçib. Onun çalışdırdığı komanda AÇ-2025-in seçmə mərhələsində Cənubi Kipr yığmasını 9:0 hesabıyla məğlub etməklə tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Stiven Bartlettin “The Diary Of A CEO” podkastının qonağı olan Anri bəzi cəlbedici açıqlamalar verib.
Atası haqqında
“Atam məni ilk dəfə qucağına alanda dedi: “Bu uşaq qeyri-adi futbolçu olacaq”. Təsəvvür edə bilərsiz ki, sonradan nə oldu. Mən sanki uğura proqramlaşdırılmışdım. Qalan şeylərin heç bir əhəmiyyəti yox idi. Atam 5-6 yaşım olanda məni meydana göndərdi və həmin andan etibarən missiyam yarandı – onun arzusunu gerçəkləşdirmək, ona məmnunluq bəxş etmək. Futbol oynamağı nə dərəcədə sevdiyimi bilmirəm, ancaq bilirəm ki, futbola nifrət etmirdim. Digər tərəfdən, bu, qətiyyən mənim seçimim deyildi. Bilirdim ki, atamı xoşbəxt etmək istəyirəmsə, bunun yeganə vasitəsi futboldu.
Uşaq olanda atam heç vaxt məndə hər şeyin yaxşı alındığını demirdi. Mənə onun bəyənməsi lazım idi, istəyirdim desin ki, tərəqqi edirsən. Ancaq o həmişə mənə səhvlərimi, nəyisə yerində etmədiyimi xatırladırdı. Bir müddət əvvələ qədər mən həmişə adamlardan bəyənmə gözləyirdim, çünki uşaqlıqda bunu görməmişdim.
Atamın metodları bir müddət işlədi. Bu isə mənə başımı itirməməyə və hər gün öz-özümə “hər gün daha yaxşı oynamalısan” deməyə imkan verdi. Ancaq bu metodlar həmin uşağa, kiçik Tyerriyə yardım etmirdi. Mən başqa adamlar vasitəsi ilə xoşbəxtlik və ya kədər hiss edirdim. Deməzdim ki, həmin vaxt ölü kimiydim. Ancaq emosiyalarımı izhar etmək mənə çətin idi.
Hətta futbolçu karyeram vaxtı da müəyyən mənada atamı xoşbəxt etmək istəyirdim. Bu mənim hədəfim idi. “Arsenal” 2004-cü ildə çempion olanda, bu qələbəni qeyd etməyə yollananda mən evdə qaldım. Düşündüm ki, tezliklə Avropa çempionatı başlayacaq. Hansısa məqamda heç sevinc də hiss etmirdim”.
Amma “Arsenal” tarixinin bombardiri bütün başverənlərə görə atasına kin saxlamır: “O, heç vaxt oxumayıb, heç vaxt səyahətə çıxmayıb. O, yalnız öyrəndiyi fəaliyyət dairəsini bilirdi. Mənlə atamın təhsilini müqayisə etsək, böyük uçurum alınar. Bu gün mənim öyrətmə metodlarım atamla müqayisədə daha çoxdu. Mənim uşaqlarımın metodları isə daha çox olacaq”.
Ağrıları haqqında
Fransalı əfsanə butslarını mıxdan asmalı olduğunu nə vaxt anladığını da açıqlayıb: “Həqiqətən belə məqam oldu. Bu hadisə hətta sizi əyləndirə bilər. Həmin gün qızım evdə - Nyu-Yorkda idi. Mən 10 ildən artıq idi ki, hər iki ayağımda axilldən əziyyət çəkirdim. Hər səhər ağrı, əsl ağrı hiss edirdim. Ayağımın ağrısı gün ərzində çəkilmirdi, ağrıdan qovrulurdum. Bəzən özümü bir qədər yaxşı hiss edirdim. Ancaq hər səhər ağrılar içində oyanırdım – hardasa 10 il ərzində”.
Anri başına gələn hadisəni danışır: “Beləliklə, həmin gün qızımla evdəydim. O yanıma gəldi, əlimi mənə vurub qaçdı: “İndi məni tut”. Arxasınca qaçmaq istədim, ancaq bacarmadım. Sadəcə, qaça bilmədim. Ona baxıb dedim ki, hə, qələbə qazandın. Qızımın arxasınca qaça bilməyəndən sonra dayanıb özümə dedim ki, sən nə edirsən? Stiven, zarafat etmirəm, o qaçdı, mən isə yerimdən tərpənə bilmədim. Məhz onda anladım ki, daha ağrıya dözə bilmirəm. İdmançı olmaq üçün ağrını sevməlisən. Bu reallıqdı, sənə ağrını sevmək lazımdı. Karyeramı məhz bu olaydan sonra bitirdiyimə görə müəyyən mənada xoşbəxtəm də. Adamlar futbolla zədə və ya başqa səbəblər üzündən vidalaşır, mən isə öz şərtlərim əsasında getdim. Sadəcə, dayandım. Hələ də oynamağı bacaracağımı bilirdim, ancaq karyeramı bitirdim”.
Depressiyaya düşməsi haqqında
Anrinin dediyinə görə, futbolçu karyerası vaxtı da depressiya ilə mübarizə aparıb: “Bəlkə də bütün karyeram boyunca depressiyda olmuşam. Bunu anlayırdımmı? Yox. Buna görə nəsə edirdimmi? Aydındı ki, yox. Ancaq bir şəkildə uyğunlaşırdım. Uzun müddət yalan danışdım, ona görə ki, cəmiyyət demək istədiklərimi eşitməyə hazır deyildi”.
Fransalı deyir ki, 2020-ci ildə koronavirus pandemiyasına görə karantin tətbiq olunanda psixoloji problem yaşayıb. Həmin vaxt MLS klublarından “Monreal İmpekt”i çalışdıran Anri ailəsindən təcrid olunmuşdu: “Hər şey bir anda gəldi, xüsusən də koronavirus zamanı. Bunu əvvəllər də bilirdim, amma öz-özümə yalan danışırdım. Problemləri həll etmək əvəzinə onlardan qaçmağa meyilliyik, həmişə buna can atırıq. Biz özümüzü məşğul etməyə, problemdən qaçmağa və ya bu barədə düşünməməyə çalışırıq. Koronavirus baş verdi və mən özümdən soruşdum: "Niyə qaçırsan, nə edirsən?" Təcrid olunmuşdum və bir il uşaqlarımı görməmək çətin idi. Bunu izah etməyə belə ehtiyac yoxdu. Zəifliyin, empatiyanın, göz yaşlarının nə olduğunu başa düşməyim üçün başıma belə bir iş gəlməliydi. Emosiyaların nə olduğunu anlamaq üçün bu hadisəni yaşamalıydım. Pandemiya zamanı, demək olar ki, hər gün səbəbsiz ağlayırdım, göz yaşlarım axırdı. Bilmirəm niyə, amma bəlkə də həmin göz yaşları çox gözləmişdi. Qəribə idi, amma yaxşı mənada. Nəzarət edə bilmədiyim və hətta buna cəhd etmədiyim şeylər var idi. Uşaq vaxtından evdə və ya işdə deyirlər: “Belə olma, zəiflik göstərmə, ağlasan, sənin haqqında nə düşünəcəklər? Mən ağladım, amma həqiqətən ağlayan gənc Tyerri idi. Zamanında almadığı hər şeyə görə ağlayırdı”.