''Qalatasaray'' yeni ildə ilk oyununu sabah ''Konyaspor''a qarşı keçirəcək.
“Football-plus.az” xəbər verir ki, komanda bu matça hazırlığını davam etdirir. Bu arada Mauro İkardidən gələn xəbər camiədə əhval-ruhiyyəni korlayıb. Son günlər məşqlərə çıxmayan təcrübəli forvardın bir müddət komandaya kömək edə bilməyəcəyi məlum olub. İkardi dekabrın 24-də ''Fənərbaxça''ya qarşı səfər oyununda üzündən zədə almış və onun gözünün altı qaralmışdı. Üz sümüyündə qırıq aşkarlanan argentinalı hücumçunun qarşıdakı iki oyunda komandaya kömək edə bilməyəcəyi dəqiqdi. Yəni o, tək ''Konyaspor''a qarşı yox, həftəiçi baş tutacaq ''Sivasspor''a qarşı görüşdə də meydana çıxmayacaq. Klubdan verilən məlumatda qeyd olunub ki, zədənin 20-ci günündə İkardi yenidən müayinədən keçməli olacaq. Zədənin 20-ci günü isə yanvarın 13-nə düşür. Həmin gün həkimlərdən icazə gəlsə, İkardi yanvarın 15-də ''Kayserispor''a qarşı oyunda qoruyucu maska ilə də olsa, meydana çıxa biləcək. İkardinin yoxluğunda, hücumun mərkəzində kimin qərarlaşacağı maraq doğurur. Okan Burukun həmin mövqedə ya Bakambuya, ya Barış Alpər Yılmaza, ya da Xəlil Dərvişoğluya şans verəcəyi gözlənilir.
ƏLİ