''Qalatasaray''ın qapıçısı Fernando Musleradan xəbər var.
Bilindiyi kimi təcrübəli qapıçı ötən cümə günü ''Kasımpaşa''ya qarşı oyunda qolundan zədə almış və əvəzlənmişdi. Klubun baş həkimi onun dirsəyinin çıxdığını və meydandaca ilkin müdaxilə ilə yerinə yerləştirildiyini bildirmişdi. Daha sonra Türkiyə mətbuatında 37 yaşlı əlcək sahibinin təxminən 1 aylığa sıradan çıxması ilə bağlı xəbərlər yayıldı.
Sabah ''Bavariya''ya qarşı səfər oyununda qapını Günay Güvənçin qoruyacağı gözlənilirdi. Amma bu gün uruqvaylı ilə bağlı yeni xəbər ortaya çıxıb. Məlum olub ki, Muslera komandanı bu cür çətin səfər matçında yalqız buraxmaq istəmir! O, baş məşqçi Okan Burukla görüşərək fədakarlıq etməyə hazır olduğunu və eynilə Mauro İkardi kimi ağrıkəsici iynə ilə də olsa, meydana çıxmaq istədiyini bildirib. Musleraya artıq iynə vurulub. Onun durumuna orqanizminin bu iynəyə verəcəyi reaksiyadan sonra aydınlıq gələcək. Vaxt isə elə də çox deyil. ''Qalatasaray'' bu gün Münhenə yola düşəcək. Qısası, Musleranın da komanda ilə birlikdə Münhenə aparılması durumu ortaya çıxıb.
Qeyd edək ki, İkardi də oktyabrın 21-də ''Beşiktaş''a qarşı derbidə zədə almışdı. Həmin vaxtdan bu yana o, oyunlara ağrıkəsici iynələr vasitəsilə çıxır. Bəlkə də bu üzdən İkardinin məhsuldarlığı bir qədər aşağı düşüb. O, son 3 rəsmi oyunda yalnız 1 qol vurub. Həmin qolu da İstanbulda ''Bavariya'' ilə görüşdə penaltidən vurub. Okan Buruk İkardinin sabah ''Bavariya'', eləcə də həftəsonu ''Hatayspor''a qarşı oyunlara da ağrıkəsicilərlə çıxacağını bildirib. Daha sonra isə yığma fasiləsi zamanı İkardiyə özəl olaraq bir neçə günlük istirahət veriləcək.
ƏLİ