Xatırladaq ki, oyunçu qonşu ölkədə icazə verilən vaxtdan artıq qaldığı üçün 2 il müddətinə deportasiya edilib. O, bu üzdən komandanın ötən ilin yayında Qızılcahamamda keçirilən təlim-məşq toplanışında iştirak edə bilməyib. Tale elə gətirib ki, "bozqurdlar" yenə Türkiyəyə yollanır və Budaqın qardaş ölkəyə yollanması üçün maneə aradan qaldırılmayıb.
"Football-plus.az"ın hüquqşünas Elcan Həsənlidən əldə etdiyi məlumata görə, problem məhz futbolçu tərəfindən həll edilməlidi. Yəni klub burda, sadəcə, vasitəsi rolunu oynaya, müəyyən proseslərin sürətləndirilməsinə yardım edə bilər.
Görəsən, oyunçu məsələylə bağlı hansısa addım atıb? Onun komandayla birgə Türkiyəyə yollanmaq ehtimalı nə dərəcədə realdı?
Budaq saytımızın sualını belə cavabladı:
"Təəssüf ki, problemi həll edə bilməmişəm. Yollardan biri vəkillərlə əlaqə yaradaraq bu mövzuda günahsız olduğumu sübut etmək və qadağanın aradan qaldırılmasına nail olmaqdı. Lakin heç bir hüquqşünas kömək edə bilmir. Daha dəqiq desəm, bunun üçün 3-4 ay lazım olduğunu deyir. Deməli, Türkiyəyə yollanmaq üçün gecikmiş oluram. İkinci yol isə qardaş ölkənin Azərbaycandakı Konsulluğuna müraciət etməkdi. Tətilə görə onlar da fəaliyyətini dayandırıb. Zənglərimə cavab verilmir. Böyük ehtimalla, bu dəfə də komandanın təlim-məşq toplanışında iştirak edə bilməyəcəm. Lakin ümidimi üzmürəm. Ən pis halda fərdi məşqlərə davam edəcəm. Çalışacağam ki, gücümü toparlayım".
Qeyd edək ki, ikiillik qadağanın bitməsinə 1 il qalıb.
KƏNAN BAHADIR





