Cari mövsümə ''Antalyaspor''un baş məşqçisi kimi başlayan, amma ilk dövrədə gözlənilmədən klubun başına keçərək beşillik müqaviləyə imza atan Nuri Şahin diqqətçəkən nəticələr əldə etməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, Antalya təmsilçisi ən son iddialı ''Konyaspor''u məğlub etməklə superliqada məğlubiyyətsiz seriyanı 14 oyuna yüksəltdi və öz tarixinin ən yaxşı nəticəsinə imza atdı. Komanda bu 14 oyundan 9 qələbə, 5 bərabərliklə ayrılaraq 32 xal toplayıb. Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, görərik ki, yaşı 40-dan az olan məşqçilər arasında bu müddət ərzində Nuri Şahindən daha yaxşı performans sərgiləyən cəmi bir mütəxəssis var. Söhbət ''Sportinq''in çalışdırıcısı Ruben Amorimdən gedir. Lissabon nəhəngi Portuqaliya çempionatının son 14 turunda 11 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə 35 xal toplayıb. Bu baxımdan ikinci pillədə qərarlaşan 34 yaşlı Şahin ''Bavariya''nın çalışdırıcısı Yulian Naqelsman (30 xal), ''Leyptsiq''in çalışdırıcısı Domeniko Tedesko (30) və ''Arsenal''ın çalışdırıcısı Mikel Arteta (28) kimi tanınmış məşqçiləri geridə qoymağı bacarıb. Qeyd edək ki, Nuri Şahinə maraq göstərən klublardan biri də ''Qalatasaray''dı.