“Mən hətta deyərdim ki, Lambrextsin bizə qismən xeyri də dəydi”

2.12.2023 22:51 221
Aktual / Avropa Liqası
"Qarabağ"ın "Molde" ilə səfər oyununu belçikalı Erik Lambrextsin rəhbərliyi altında olan hakimlər briqadası idarə edirdi.

Xatırladaq ki, indiyə qədər iki dəfə ağdamlıları avrokubok oyununda meydana çağıran referi bunların birində məğlubiyyət (Frayburq – 1:2), o birində isə heç-heçə (Bazel – 0:0) qeydə almışdı.

Bəs Lambrexts bu dəfə necə təsir bağışladı? Təcrübəli hakim Əfqan Həmzəyevə tribuna verməmiş bəzi əsas məqamları xatırlayaq. Referi həm “Molde”dən, həm də “Qarabağ”dan üç futbolçuya sarı vərəqə göstərdi. Ədalət naminə deyək ki, Kevin Medina “qırmızı”nı da haqq edirdi. 75-cı dəqiqədə zədələnən və hakimin meydandan kənarda yardım almasını istədiyi kolumbiyalı müdafiəçi heç cür qazondan çəkilmək bilmirdi. Belədə referi ona sarı vərəqə göstərdi, amma Medina yenə gileylənirdi...

Sırf metodik səhv kimi referinin 40-cı dəqiqədə oyunçuların arasına girib heç nədən baldırından zədələnməsini də qeyd etmək olar. İndi isə Həmzəyevin fikirlərini dinləyək:

"Havanın soyuq, meydanın süni örtüklü olmasına rəğmən, meydanda ideala yaxın hakim idarəçiliyi gördük. Baş hakim 90 dəqiqə ərzində çox qaçdı, işlədi, laysmanlarla koordinasiyası yaxşı idi, demək olar ki, heç bir epizod gözündən qaçmadı.

Bacardıqca oyunu avantaja buraxdı, əlini cibina az atdı. Jestləri dəqiq, dolğun, səlis idi. Meydanda heç bir komandaya münasibətdə qərəz göstərmədi. Mən hətta deyərdim ki, Erik Lambrextsin bizə qismən xeyri də dəydi. Belə ki, 2-ci hissədə Leandro top uğrunda mübarizədə rəqibin futbolçusunun qarnına açıq ayaqla zərbə endirdi. Amma referi sarı vərəqə göstərmədi. Adətən, bu tip oyunlarda hakimlər oyuna 4-5 dəqiqədən artıq vaxt əlavə etmirlər. Amma Lambrexts 7 dəqiqə artırdı və hesab edirəm ki, bu da bizim xeyrimizə idi. Məhz kompensasiya olunan vaxtın çoxluğu "Qarabağ"a qol vurmağa imkan verdi. Mən matçın hakim inspektoru olsaydım, bütün hakim korpusuna 8,4 verərdim". 


ABDULLA İSMAYILOĞLU