Norveç mətbuatı: “Bəhlulun nəhəng bombası bütün şansları yandırdı”

2.12.2023 15:22 356
Aktual / Avropa Liqası
Srağagün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Molde” ilə heç-heçə etdi – 2:2.

"Football-plus.az" xəvər verir ki, norveçli həmkarlarımız da oyun ətrafında baş verənlərə biganə qalmayıb. Dagbladet.no portalının reportajıyla tanış olun:

“Molde” oyuna yaxşı başlamışdı. Çoxu düşünürdü ki, təmsilçimiz bu matçda “Qarabağ”ı qabaqlayacaq. Lakin rəqibin hesabı erkən açması planları pozdu. Braziliyalı Juninyo hər şeyi özü edərək komandasını önə keçirdi. Bu, 3 xal uğrunda mübarizə aparan “Molde” üçün pis başlanğıc oldu. Ona rahatlıqla irəliləmək üçün boş yer vermək bağışlanmaz səhvdi. Xoşbəxtlikdən dəqiqələr irəlilədikcə bizimkilər oyuna nəzarət etməyə başladı. Hesabın bərabərləşdirilməsi ümidlərin yenidən doğulmasına səbəb oldu. İndi daha bir qol lazım idi. Amma “Qarabağ” buna imkan vermək istəmirdi. Hər şey son anda mümkünsüzə çevrilirdi. Sanki komandanın üzərinə lənət çökmüşdü. Nəhayət, ikinci sevinc... Hər kəs işin bitdiyini düşündü. Amma “Qarabağ” xoşagəlməz sürprizini sona saxlayıbmış... Azərbaycanlı qonaqlar 90+5-ci dəqiqədə norveçlilərə “soyuq duş” yaşatdı. İndi “Molde” Konfrans Liqasının qrup mərhələsinə ümid edir. Çünki Bəhlulun nəhəng bombası bütün şansları yandırdı”.

UEFA-nın saytı da matçı dəyərləndirib. Qurumun saytında “köhlən atlar”ın mühüm şansdan istifadə edə bilmədiyi qeyd olunub:

“Qarabağ” erkən pley-offa yüksəlmək fürsətini əldən verdi. Bunun üçün “Molde”ni səfərdə məğlub etmək lazım idi. Möhtəşəm driblinqlə Juninyonun solo irəliləyiş etdiyi zaman erkən qol vuran Azərbaycan klubu 82-ci dəqiqəyə kimi bu hədəfə doğru uğurla irəlilədi. Lakin sonradan beş dəqiqə ərzində Kristian Eriksen iki qol vurmağı bacardı. Bununla belə, Qurban Qurbanovun komandası məğlubiyyətdən xilas olmaq üçün güc tapdı. Artırma dəqiqələrində Bəhlul Mustafazadə qeyri-ənənəvi standart vəziyyətdən fərqləndi. Beləliklə, xalları bərabər olan “Qarabağ” şəxsi görüşlərdə “Molde” üzərində üstünlüyü təmin etdi. “Həkken”lə son turda evdəki matçda qalib gəlsə, mütləq pley-offa yüksələcək”.

KƏNAN BAHADIR