Türkiyə cümhuriyyətinin 100 illik yubileyində superkubok uğrunda matçın Türkiyədə yox, Səudiyyə Ərəbistanında oynanılması gündəm olmaqda davam edir.
“Football-plus.az” xəbər verir ki, xatırladaq ki, Türkiyə Futbol Federasiyasının qərarı ilə bu il əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça”nın üz-üzə gələcəyi superkubok matçı dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Baxmayaraq ki, hər iki klub oyunun Türkiyədə, daha dəqiqi, “Atatürk Olimpiya”da keçirilməsini istəyir. Federasiya artıq bir neçə dəfə qətiyyətli şəkildə qərarın dəyişməyəcəyini və görüşün Ər-Riyadda baş tutacağını açıqlayıb. Bu arada “Qalatasaray”ın rəsmi üzvü olan tanınmış jurnalist Fatih Altaylı ortaya qalmaqallı iddia atıb. Onun sözlərinə görə, derbinin Səudiyyə Ərəbistanında oynanılmasını federasiyadan “Fənərbaxça” başqanı Əli Koç tələb edib. “Fənər”in bu iddiaya reaksiyası, gözlənildiyi kimi, çox sərt olub. Bu iddianı rədd edən “sarı-lacivərdlilər” federasiyanı da susmamağa və həqiqəti açıqlamağa dəvət edib. Dünən federasiya bu məsələ ilə bağlı bəyanat yayaraq Fatih Altaylının cavabını verib. Bəyanatda bunlar qeyd olunub: “Dekabrın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək və “Turkuvaz Medya Qrupu”na məxsus olan ATV kanalında canlı yayınlanacaq superkubok matçı ilə bağlı daha öncə rəsmi açıqlama vermişdik. Mətbuatda matçın Səudiyyə Ərəbistanında oynanılması fikrinin “Fənərbaxça” prezidenti Əli Koça aid olması haqda çıxan xəbərlər yalandı. TFF olaraq ölkə futbolunun iqtisadiyyatını gücləndirmək və klublarımıza alternativ gəlir qaynaqları yaratmaq məqsədilə çox önəmli layihələr üzərində çalışdığımızı dəfələrlə vurğulamışıq. Bu siyasətin davamı kimi bir daha qeyd etmək istəyirik ki, klublarımıza gəlir qazandırmaq məsdəilə superkubokun xaricdə oynanılması layihəsi yalnız federasiyaya aiddi. Məsələ ilə bağlı federasiyamız tərəfindən verilən rəsmi açıqlamalardan başqa heç bir açıqlamaya etibar edilməməsini xaiş edirik”.