Türkiyə superkuboku Bakıda keçiriləcək?

28.07.2023 23:30 290
Dünya futbolu
Türkiyə Futbol Federasiyası ölkə superkuboku ilə bağlı rəsmi bəyanat yayıb.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə bu matçın avqustun əvvəllərində, yəni mövsümün startına az qalmış oynanılacağı gözlənilirdi. Amma federasiya matçın keçiriləcəyi tarixlə bağlı dəyişiklik etməli olub. Bilindiyi kimi, bu il superkubok çərçivəsində son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbaxça” üz-üzə gələcək. Hər iki klub avrokuboklarda çıxış edir. “Qalatasaray” ÇL-in, “Fənərbaxça” isə KL-in təsnifat mərhələsində oynayır. Bu üzdən çempionatın startına qədər olan qısa müddətdə superkubok üçün yer tapmaq mümkün olmayıb. Federasiya bu oyunun qarşıdakı mövsümün qış fasiləsində, yəni yanvarın əvvəlində keçiriləcəyini açıqlayıb. Əzəli rəqiblərin hansı şəhərdə və hansi stadionda qarşılaşacağı isə bəlli deyil. TFF-nin rəsmi açıqlamasında bununla bağlı hələ yekun qərarın verilmədiyi qeyd olunub.

Yeri gəlmişkən, şayiələrə inansaq, Türkiyə superkuboku uğrunda oyun paytaxtımızda keçirilə bilər. Belə ki, oyunun “Bakı Olimpiya Stadionu”nda keçirilməsi ehtimalı heç də az deyil. Türkiyə mətbuatında da bununla bağlı xəbərlərə rast gəlmək olar. Hərçənd belə xəbərlər 2018-ci ildə də mövcud idi. Amma həmin il “Qalatasaray”la “Akhisar Bələdiyəspor”un üz-üzə gəldiyi superkubok oyununun məkanı ilə bağlı şayiələr təsdiqini tapmamış və görüş Konyada oynanılmışdı. Onu da bildirək ki, son 13 mövsümdə Türkiyə superkuboku yalnız bir dəfə ölkə xaricində keçirilib. Ötən ilin yanvarında “Beşiktaş”la “Antalyaspor” arasındakı oyun Qətərin paytaxtı Dohada yerləşən və DÇ-2022-nin də oyunlarına evsahibliyi edən “Əhməd Bin Əli” stadionunda baş tutmuşdu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul