Bəs ölkəmizin Çağırış kubokundakı iştirakçısı Şuşa "Xarı Bülbül"ünün "Panatinaikos"la səfər oyununa nə vaxt gedəcəyi məlumdumu? Həm bu məsələ, həm də komandanın taleyi ilə bağlı bilgi almaq üçün laçınlıların çalışdırıcısı Cavid Süleymanovla əlaqə saxladıq:
"Sabah səhər 4.20-də Afinaya yollanırıq. Azərbaycan Voleybol Federasiyası (AVF) komandanın Yunanıstana gediş-gəliş məsələsini həll etdi. Əslində bunu qurum etməməliydi. İndiyə kimi heç bir şirkət kluba kömək mövzusunda əlaqə saxlamayıb. Vəziyyət ürəkaçan deyil. Gündən-günə Şuşa və Laçın "Xarı Bülbül"ünün dağılması sürətlənir. Komandaların heyətində müxtəlif ölkələrdən olan legioner voleybolçular var. Azərbaycan idmanının adına xələl gəlməsini istəmirik. Hazırda mətbuatın da bizə dəstək olması vacibdi".
Qeyd edək ki, "Panatinaikos" - "Xarı Bülbül" oyunu noyabrın 29-da keçiriləcək. Şuşalılar ilk oyunda 0:3 uduzub.






