"Mingəçevir" 1-ci liqaya vəsiqə qazanandan cəmi bir dəfə bu şəhərə səfər etmişdim. "Nur şəhəri”nin təmsilçisi Region Liqasında olandan komandanı yaxından izləyirəm. "Şəhərlilər"in 1-ci liqanın 9-cü turunda "Zaqatala" ilə görüşünü qaçırmaq olmazdı.
Düzdü, Mingəçevirə gələndə yolda çox çətinlik yaşadım. Səhər saat 9-da avtovağzalda olsam da, oyunun keçirildiyi arenaya 13:55-də çata bildim. Çünki taksi və avtobus sürücüləri "səndən başqa bir nəfər də götürək" yalanından istifadə edərək qazanc əldə etmək istəyirdilər. Bu səbəbdən də yolda gecikdim. Hər halda, çörək pulu qazananda halal olmaq lazımdı.
İlk yarı meydan sahiblərinin ərazi üstünlüyü şəraitində keçdi. Lakin Sönməz Quliyevin komandası hesabı aça bilmədi. Qonaqlar isə əks-hücumlara bel bağlamışdı. Rüstəm Məmmədov futbolçulardan rəqibin müdafiəsinin arxasına uzun ötürmələr verməyi tələb edirdi. "Şəhərlilər" isə ümidlərini Roman Hüseynovla Vidadi Cəfərovun fərdi keyfiyyətlərinə bağlamışdı. Lakin ancaq kapitan nəsə edə bilirdi. Qonaqlardan Bəhruz Teymurla Uoren Lloyd meydan sahiblərinin müdafiəçilərinə problem yaradırdı.
Fasilədən sonra bərabər oyun getdi. Doğma meydanda qələbə qazanmaq istəyən "Mingəçevir" irəli atıldı. Komanda bir neçə əlverişli imkandan yararlana bilmədi. Matçın sonlarında isə qonaqlar ancaq əks-hücuma bel bağladı. Bu da işə yaradı. 88-ci dəqiqədə "Mingəçevir" künc zərbəsi vurarkən topu itirdi. Onu ələ keçirən Bəhruz Teymurov 70 metrdən çox reyd edərək hesabı açdı. Bu, nokaut idi. Zaqatalalılar planlarına sadiq qalaraq həm 3 xal qazandılar, həm də turnir cədvəlində "Mingəçevir"ə çatdılar.
Oyundan sonra maraqlı hadisələr yaşandı. İki-üç yerdən “istefa” sədaları yüksəldi. Köhnə "Zona 45" azarkeş qrupunun nümayəndələri stadionun önünə toplaşaraq əvvəlcə sabiq rəhbərləri, klubun indiki mətbuat katibi Elnur Qasımovdan hesabat tələb etdilər: