Türkiyə çempionatında dünən start götürən 13-cü tura sabah yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, bazar ertəsi ''İstanbul BŞ'' ''Pendikspor''u qəbul edəcəksə, ''Trabzonspor'' ''Sivasspor''un qonağı olacaq. Sivas bilindiyi kimi Türkiyənin ən soyuq şəhərlərindən biridi. Hava proqnozuna görə sabah Sivasda günorta saatlarında qar yağacağı, axşam saatlarında isə 5 dərəcə şaxta olacağı gözlənilir. Bunu nəzərə alan ''Trabzonspor'' Türkiyə Futbol Federasiyasına oyunun saatının dəyişdirilməsi ilə bağlı müraciət edib. Trabzonlular oyunun başlama vaxtının yerli vaxtla saat 20.00-dan 16.00-a çəkilməsini tələb ediblər. Federasiya klublardan öz aralarında razılığa gəlmələrini istəyib. Maraqlıdı ki, ''Sivasspor'' rəhbərliyi də 5 dərəcə şaxtada oynamağın futbolçuların sağlamlığı üçün təhlükəli ola biləcəyini nəzərə alaraq əvvəlcə oyunun erkən başlamasına razılıq verib. Amma sonradan sivaslılar bu fikirlərindən vaz keçiblər və oyunun elə əvvəlki vaxtda başlamasını istəyiblər. Bu üzdən TFF ''Sivasspor''un razılıq vermədiyini əsas gətirərək ''Trabzonspor''un tələbini geri çevirib. Digər iddiaya görə yayın haqqına malik olan ''Bein Sports'' da görüşün günorta saatlarında oynanılmasının tərəfdarı olmayıb. Yəni ''Sivasspor'' - ''Trabzonspor'' qarşılaşması əvvəlcədən açıqlandığı kimi yerli vaxtla saat 20.00-da başlayacaq.
ƏLİ