Dünyanın sabiq bir nömrəli raketkası, isveçrəli Rocer Federer dünyaca məşhur opera müğənnisi Andrea Boçellinin Sürixdə keçirilən konsertini izləyənlər arasında olub.
İtaliyalı ulduz Cakomo Puççininin “Turandot” operasından “Nessun dorma” ariyasını əfsanəvi tennisçiyə həsr edib:
“Canlı əfsanə Rocer Federer də bu gün salondadı. Onun bizə bəxş etdiyi emosiyalara görə bu ariyanı hədiyyə etmək mənim üçün böyük şərəfdi. Və mən onu səhnəyə dəvət edə bildiyimə görə sevinc içindəyəm”.
Müğənninin səhnəyə çağırdığı Federer necə təsirlənibsə, göz yaşını saxlaya bilməyib. İsveçrəli əfsanə karyerasını 2022-ci ilin sentyabrında Londonda keçirilən Leyver kubokundan sonra bitirib. 42 yaşlı Federer “Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi, Olimpiya Oyunlarının (2008) qalibi və gümüş medalçısıdı (2012). Karyerası boyunca 111 ATP turnirinin qalibi olub.