Noyabrın 17-19-u aralığında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin 9-10-cu turları çərçivəsində 22 oyun keçirildi.
“Football-plus.az” xəbər verir ki, bu oyunların nəticəsinə görə Niderland, Albaniya, Serbiya, Danimarka, İsveçrə və Rumıniya yığmaları da qitə çempionatının final mərhələsinə vəsiqə qazandı. Buna qədər isə İspaniya, Şotlandiya, Fransa, İngiltərə, Türkiyə, Belçika, Avstriya, Portuqaliya, Macarıstan, Slovakiya və Almaniya (təşkilatçı kimi) eyni xoşbəxtliyi yaşayıb. Beləliklə, dünən qədər final mərhələsinin 17 iştirakçısının adına aydınlıq gəlmişdi.
A qrupunda son tura qədər məsələ aydın idi. İspaniya və Şotlandiya yığmaları final mərhələsinə vəsiqə qazanmışdı, Gürcüstan isə uzaqbaşı Norveçlə 3-cü yer uğrunda mübarizəyə ümid edə bilərdi.
Şotlandiya və Norveç yığmaları bir neçə gün əvvəl zədələnən Holannın yoxluğunda da “qol yağışı” təşkil etdi. 33-cü dəqiqədə artıq hesab 2:2 idi. Əvvəlcə Donnum dəqiq oynadı, ardından Makqinn əllə oyuna görə təyin olunan penaltini qola çevirdi, Larsen əks-hücumu bitirdi, nəhayət, künc zərbəsinin ardından Estiqorun ayağından səkən top tora daxil oldu.
Fasilədən sonra Makqinnin ağıllı ötürməsindən yararlanan Armstronq bu oyunda ilk dəfə Şotlandiyanı hesabda irəli çıxardı. Ancaq bu da oyunda son qol olmadı. 60-cı dəqiqədə oyuna qoşulan Elyunussi sona az qalmış baş zərbəsi ilə yekun hesabı müəyyənləşdirdi - 3:3!
İspaniya – Gürcüstan oyunu da maraqlı mübarizə şəraitində keçdi. Bu komandalar arasında sentyabrda Tiflisdə keçirilən oyun meydan sahiblərinin biabırçı məğlubiyyəti (1:7) ilə bitdiyindən 2-ci görüşü maraqla gözləməyə dəyərdi. Qonşularımız səfərdə evdəkindən daha yaxşı təsir bağışladı. Baxmayaraq ki, artıq 4-cü dəqiqədə Le Norman hesabı açmışdı. Ancaq gürcülər də dərhal hesabı bərabərləşdirə bildi. Bunu ümumilikdə çox effektli oyun keçirən, meydanın hər yerində savaşan Kvaratsxeliya bacardı. Bu ifadəni onun komanda yoldaşlarının əksərinə də aid etmək olar. Sadəcə, Gürcüstan yığmasını səviyyəsinə görə İspaniya ilə bərabər tutmaq mümkünsüzdü. “Qırmızı furiya” oyunun axarına nəzarət edir, sanki nəyisə gözləyirdi. Gürcülər isə əsasən əks-hücumlara bel bağlayırdı. 2-ci hissənin əvvəlində təzyiqi artıran meydan sahibləri bir-birinin ardınca iki qol vurmaqla oyunun taleyini həll etdilər. Gürcülərin bu qollara cavab verməyə gücü yox idi. Yeri gəlmişkən, hesab 3:1 olandan sonra Kvaratsxeliya da sarı vərəqə ilə cəzalandı. Bu isə o deməkdi ki, “Napoli”nun ulduzu yığmasına pley-offda kömək edə bilməyəcək.
A qrupu, 10-cu tur
Şotlandiya – Norveç 3:3 (2:2)
Şotlandiya: Klark, Teylor, Makkenna, Hendri, Patterson, Şenklend (Makqreqor, 89), Maktominey, Ferqyuson (Maklin, 70), Cek (Makqinn, 79), Kristi (Armstronq, 70), Dayks (Braun, 70).
Norveç: Selvik, Byerkan, Estiqor, Ayer, Ryuerson, Eursnes (Elyunussi, 60), Berq, Berge, Donnum (Torstvedt, 60), Larsen, Bobb (Pedersen, 89).
Qollar: Donnum, 3 (0:1). Makqinn, 13-p. (1:1). Larsen, 20 (1:2). Estiqor, 33-öz qapısına (2:2). Armstronq, 59 (3:2). Elyunussi, 86 (3:3).
Vərəqələr: Ayer, 10. Berq, 45. Berge, 59. Makkenna, 79 – sarı.
Hakim: Horatsio Feşnik (Rumıniya).
19 noyabr. Qlazqo. 48138 tamaşaçı.
İspaniya – Gürcüstan 3:1 (1:1)
İspaniya: Simon, Karvaxal, Le Norman, Martines, Qayya, Rodri (Subimendi, 86), Ruis, Qavi (Sanset, 26), F.Torres (Yamal, 65), Morata, N.Uilyams (Rikelme, 86).
Gürcüstan: Mamardaşvili, Kakabadze (Mamuçaşvili, 89), Kverkveliya, Kaşiya, Loçoşvili, Azarov (Qoçoleişvili, 77), Kvekveskiri (Mekvabişvili, 59), Çakvetadze (Altunaşvili, 89), Koçoraşvili, Kvaratsxeliya, Mikautadze (Davitaşvili, 59).
Qollar: Le Norman, 4 (1:0). Kvaratsxeliya, 10 (1:1). F.Torres, 55 (2:1). Loçoşvili, 72-öz qapısına (3:1).
Vərəqələr: Rodri, 56. Kvaratsxeliya, 75. Kaşiya, 83. Martines, 90+4 – sarı.
Hakim: Ovidiu Hatseqan (Rumıniya).
19 noyabr. Valyadolid. 24146 tamaşaçı.
1. İspaniya 8 7 0 1 25-5 21
2. Şotlandiya 8 5 2 1 17-8 17
3. Norveç 8 3 2 3 14-12 11
4. Gürcüstan 8 2 2 4 12-18 8
5. C.Kipr 8 0 0 8 3-28 0
Oyundan sonra
Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi: “Bütün karyeram boyunca ən acı qələbəni yaşayıram. Əlimiz-qolumuz boşalıb. Paltardəyişmə otağında ab-hava elə idi ki, sanki meydandan məğlub ayrılmışıq. Qavi Barselonaya yollanır, orda tibbi müayinədən keçəcək. Testin nəticələrini gözləyir və ümid edirik ki, vəziyyət o qədər də ciddi deyil”.
Xose Luis Qayya, İspaniya yığmasının müdafiəçisi: “Bu seçmə mərhələnin sayəsində böyüdük. Komandamız bir qədər də güclənib. Biz, sadəcə, yaxşı komanda yox, rəqabətədavamlı kollektib yaradırıq. Mükəməlləşməni və böyüməni dayandırmırıq. Sonuncu Avropa çempionatında finala çox yaxın olduq. Bu dəfə daha uzağa getmək niyyətimiz var”.
Ferran Torres, İspaniya yığmasının hücumçusu: “Bu vacib qələbə idi, ona görə ki, seçmə mərhələni yaxşı bitirmək istəyirdik. Ancaq bu xoş təəssürat Qavinin zədəsinə görə pozuldu. İndi bizlərdən heç kim zədənin nə dərəcədə ciddi olduğunu bilmir. Ancaq onu döyüşçü kimi tanıyan biri olaraq, deyə bilərəm ki, vəziyyəti yetərincə pis görünürdü”.