Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında ilk 5 tur arxada qalıb. Təəssüf ki, turnirin reytinq favoriti olan kişilərdən ibarət yığma çox uğursuz çıxış edir.
"Football-plus.az" xəbər verir ki, ilk turda Danimarkaya məğlub olan (1,5:2,5) kişi şahmatçılarımız 2-ci turda Slovakiyaya qalib gəlib – 2,5:1,5. Bizimkilər 3-cü turda İsveçin də öhdəsindən gəlib (3,5:0,5), ancaq srağagün gözlənilmədən daha bir məğlubiyyətlə üzləşib. Bu dəfə xorvatlar kişi şahmatçılarımızı təslim olmağa məcbur edib – 2,5:1,5. Dünən isə rəqib Monteneqro olub və qələbə qazanmışıq – 3:1.
Kişilərlə müqayisədə qadınlardan ibarət yığma daha uğurlu çıxış edir. İlk turda Sloveniyaya (2,5:1,5), 2-ci turda Niderlanda (2,5:1,5), 3-cü turda Polşaya (3:1) qalib gələn xanımlarımız yalnız srağagün – Fransa ilə dueldə xal itirib – 2:2. Qadın şahmatçılarımız dünən Almaniyaya qalib gəlib – 2,5:1,5.