“Napoli”də gözlənilən istefa rəsmiləşib: İtaliya çempionatında “Empoli”yə məğlubiyyətdən (0:1) sonra Rudi Qarsiya baş məşqçi vəzifəsindən istefaya göndərilib.
"Football-plus.az" xəbər verir ki, fransalı mütəxəssis komandaya bu yay təyinat almışdı. İtaliyanın son çempionu olan “Napoli” A seriyasında 12 turdan sonra 21 xalla 4-cü yeri tutur. Komandanın lider “İnter”dən 10 xal geri qalması rəhbərliyi Qarsiya ilə əməkdaşlığı vaxtından əvvəl dayandırmağa vadar edib. Onun “Napoli” ilə imzaladığı müqavilənin müddəti 2025-ci il iyunun 30-na qədər idi. Lakin nəticələrin qeyri-qənaətbəxş olması fransalının mövsümün gedişində postundan ayrılmasını qaçılmaz edib.
Baş məşqçi vəzifəsinə Valter Matsarri təyinat alıb. O, neapollular üçün heç də yad deyil. 62 yaşlı mütəxəssis komandanı 2009-13-cü illərdə çalışdırıb. Matsarri ilə imzalanan müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.