Qarsiya 7 ildən sonra İtaliyaya qayıtdı

19.06.2023 13:35 236
Dünya futbolu
“Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionunu Rudi Qarsiya çalışdıracaq.

Komandanın 33 illik skudetto həsrətinə son qoyan Luçano Spalletti klubun prezidenti Aurelio De Laurentislə fikir ayrılıqlarına görə vəzifəsini tərk etmişdi. Onun yerini tutan Qarsiyanın sonuncu klubu “Əl-Nəssr” olub. Fransalı mütəxəssis Səudiyyə Ərəbistanı klubundan aprelin 13-də ayrılıb. Yerli KİV Qarsiyanın komandanın ulduz futbolçusu Kriştiano Ronaldo ilə münaqişə yaşadığı üçün istefaya göndərildiyini iddia etmişdi.

O, daha əvvəl “Sent-Etyen”, “Dijon”, “Le Man”, “Lill”, “Marsel”, “Lion” və “Roma”nı çalışdırıb. “Roma”ya 2013-16-cı illərdə başçılıq edən 59 yaşlı mütəxəssis 2010/11 mövsümündə “Lill”i Fransa çempionatında və ölkə kubokunda qələbəyə daşıyıb. Onun “Marsel”i 2017/18 mövsümündə Avropa Liqasının finalına çıxardığını da bildirək.