Təcrübəli mütəxəssislə əlaqə saxlayıb “sarı-göylər”dən ayrılıb-ayrılmadığını öyrəndik və bundan sonrakı planları haqda məlumat aldıq. Bəlli oldu ki, Etibar bəyin planları dəyişib:
“Bəli, “Kəpəz”dən ayrıldıq. Lakin hələ ölkə xaricinə yollanmamışam. Çünki “Araz-Naxçıvan”ı məğlub etdiyimiz günün gecəsi “Kəpəz”lə sağollaşdım. Təxminən gecə saat 2-də yerli klubdan təklif aldım. Adını açıqlamaq istəmirəm, amma iddialı və gələcək vəd edən komandalardan biridi. Düzü, ölkəmizdən kiminsə mənlə çalışmaq istəyəcəyini gözləmirdim. Dostlarım deyir ki, Almaniya kimi futbol ölkəsi səni dəvət edir, amma Azərbaycanda şərait yaradılmır. Nə bilim, məncə, “Kəpəz”də daha fərqli nəticələr əldə edə bilərdik. Lakin bizə lazım olan qədər vaxt verilmədi. Nə isə, mövzudan kənara çıxmayım (gülür). Yaxın günlərdə təklif göndərən klubla görüşüb detalları müzakirə edəcəyik. Özüm də burda qalıb çalışmaq istəyirəm. 4 övladım var. Onların yenidən hansısa xarici ölkəyə, mühitə uyğunlaşması çox vaxt ala bilər. Onların gələcəyi mənim üçün vacibdi. Mən ölkəmi istəməsəm, Almaniyadakı əla şəraiti buraxıb bura gəlməzdim. Yaşımın az olmasına baxmayaraq, 26 illik məşqçi karyeram var. Odu ki, yerli klubların təklifinə açığam”.
Mütəxəssis Adil Şükürovun “Kəpəz”in baş məşqçisi olması haqda fikirlərini də bölüşdü:
“Biz son nöqtəni yaxşı qoyduq. Azər müəllimə layiq qələbə qazandıq. Bu, həm də yeni baş məşqçinin işini asanlaşdırdı. Həm sonuncu sıradan xilas olduq, həm də kollektivin əhvalı düzəldi. Adil Şükürova uğurlar arzulayıram, Allah işini avand eləsin”.
KƏNAN BAHADIR





