Misli premyer-liqasının 13-cü turunda "Sabah" səfərdə "Turan Tovuz"u məğlub edib - 3:2.
Oyundan sonra "tələbələr"in qapıçısı Nicat Mehbalıyev "Football-plus.az" saytının əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablayıb.
- Bu mövsüm çempionatda debüt oyununa çıxdın. Təəssüratların maraqlıdı.
- Daim məşqlərimizi edirdik. Ola bilər ki, oyun praktikası baxımından çətinlik çəkirdim. Lakin məşqlər və keçmiş təcrübəmizlə qalib gəldik.
- İki top buraxmağın sənə təsir etdimi?
- Futboldu, önə də keçirsən, hesabda geri də düşürsən. Hakimin son fitində hər şey bəlli olur. Biz də ağır Tovuz səfərindən 3 xalla qayıtdıq.
- İlk hissədə çıxışlar zamanı tərəddüd edirdin. Ancaq ikinci yarıda isə çox ürəkli görsənirdin...
- Qapıçı mövqeyi elədi ki, ani verdiyin səhv qərar qapında qolla nəticələnəcək. Əslində ilk yarıda da ürəkli idim. Sadəcə, soyuq qanlı olmaq lazımdı. Birdən-birə hərəkət etmək olmaz.
- Deyəsən, əzələndə problem yaranmışdı?
- Topa durmaq istəyəndə dizim altımda qaldı. Çox güman ki, əzələ ilə bağlıdı. Ciddi deyil.
- İndiyə kimi məhsuldar ötürmə eləmişdin?
- Birinci məhsuldar ötürməm idi (gülür).
İSMAYIL XAYRULLAYEV