"Football-plus.az" xəbər verir ki, oyundan sonra "tələbələr"in məşqçisi Nikola Bozinovski media nümayəndələrinin önünə çıxıb. Sizi əvvəlcə mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyuna yaxşı başlamadıq. Xüsusən də matçın birinci hissəsində zona mübarizəsi olmayıb. Futbolçular arasında fərdi dava olub. Çox həyəcanlı və əsəbi idik. Azərbaycan üçün 8 noyabr çox əlamətdar gündür. Qələbə qazanıb ölkə üçün oynamaq istəyirdik. Bu səbəbdən ilk iki hissədə öz oyunumuzu tapa bilmədik. İkinci hissədə özümüzü toparlaya bildik və zona mübarizəsi başladı. 9 xal geridəydik, lakin 7 xalla qalib gəldik”.
- Zəfər Günündə qalib gəldiz. Bununla bağlı təəssüratlarınız necədi?
- Təbii ki, oyundan əvvəl bu günlə bağlı uşaqlarla danışdım və onları motivasiya etdim. Hansı gün olduğunu bilirlər. Ona görə də oyunun əvvəlində emosional idik. Onlar döyüşmək istəyirdilər. Fasilədə onlara inandığımı dedim və bundan sonra daha sakit hərəkət etdilər və sonda qalib gəldilər. Mən fəxr edirəm ki, bu tarixi gündə qələbə qazandıq.
- Qrupdan çıxmaq şansınızı necə qiymətləndirərdiniz?
- Ümumiyyətlə, şansımız çox azdı. Qrupun qalan iki oyununda yaxşı nəticə qazanmaq istəyirik. "Baxçaşəhir"in büdcəsi bizdən qat-qat çoxdu. Amma orda ən yaxşı oyunumuzu göstərsək, bu, bizim üçün reklam kimi olacaq.
- Kivon Davenport cərimə atışlarını qaçırdı. Bu nə ilə bağlıdı?
- 3 xallıq zərbələrdən ehtiyatlanırdı, ona görə də sərbəst atışlar edərkən qorxurdu. Bununla belə, yekunda 20 xal toplayıb. O, hər şeyə qadir olduğunu sübut etdi.
CAVİD ƏLİYEV





