Misli premyer-liqasının 11-ci turunun Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i darmadağın etdi – 4:0.
Maraqlıdı ki, “sarı-göylər”in baş məşqçisi Azər Məmmədov belə vacib matçda “çərçivə”ni yeni qapıçı İqor Rodriqesə tapşırmışdı. Nəticədə portuqaliyalı qolkiperin uğursuz debütünə şahid olduq. Bununla bağlı fikirlərini öyrənmək üçün futbolçuyla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Məncə, nəticə oyunda başverənlərlə üst-üstə düşmür. Çünki çox yaxşı oynadıq. Matçda emosiyalarım çox qarışıq idi. “Kəpəz”də oynadığım üçün sevinirdimsə, nəticə üçün üzülürdüm. Əlbəttə, ilk sınaqda 4 qol buraxmaq istəməzdim. Ümumiyyətlə, belə nəticənin qeydə alınması gözlənilməz oldu. Görüşü belə təsəvvür etməmişdim. O da var ki, meydana çıxacağımdan xəbərim yox idi. Yalnız oyun günü bildim ki, şərəfi qorumaq sırası məndədi. Görünür, azarkeşləri sevindirmək üçün daha çox çalışmalıyam”.
KƏNAN BAHADIR