“Kəpəz"in futbolçusu Abdullahi Şuaybu düşərgəni tərk edərək vətəninə yollanıb.
Bu haqda "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. O, forvardın nə vaxt geri dönəyəcinin bəlli olmadığını deyib:
"Nigeriyalı yarımmüdafiəçi vəziyyətinə uyğun olaraq hər 3 aydan bir müvafiq analizlərə cəlb olunurdu. Bu proses sonuncu dəfə bugünlərdə baş tutdu. Məlum olduki, cavablarda müəyyən dəyişikliklər var. Durumu üzündən futbol oynaması mümkün olmadığına görə vətəninə yollandı. Nə vaxt geri dönəcəyi bilinmir. Müqaviləyə xitam verilməyib".
Qeyd edək ki, Abdullahi Şuaybu sabiq agenti Dmitri Selyukla yaşadığı qalmaqalla gündəmdədi. Rusiyalı menecer keçmiş müştərisininin Hepatit B virusunun daşıyıcısı olduğunu və bu halda futbol oynamağın mümkünsüzlüyünü iddia edir. O, nigeriyalının sağlamlıq testindən keçərkən analizlərin nəticəsini dəyişdirdiyini və səhhəti ilə bağlı saxta sənəd təqdim etdiyini bildirir. Deyilənlərə inansaq, Selyuk klub rəhbərliyini bundan xəbərdar edib.
Onsuz da ağır durumda olan "Kəpəz" aparıcı futbolçusunu itirəndən sonra nə edəcək? Maraqlıdı, görəsən, baş məşqi Azər Məmmədov vəziyyətdən çıxış yolunu nədə görəcək? Onunla əlaqə saxlayıb bu mövzunu müzakirə etmək istəsək də, alınmadı...
KƏNAN BAHADIR