“Qəbələ”nin U-19 komandası noyabrın 8-də evdə UEFA Gənclər Liqası çərçivəsində növbəti oyununu keçirəcək.
“Qırmızı-qaralar” Yunanıstan “Olimpiakos”u ilə çətin sınaq qarşısındadı. Bu üzdən oyuna ciddi hazırlaşmaq lazımdı. Görəsən, bu yöndə hansı addımlar atılır? Şanslar necə dəyərləndirilir?
Baş məşqçi Famil Xəlilov “Football-plus.az”ın suallarını cavabladı:
“Hazırlıq davam edir. Rəqibin qarşısına istənilən cəhətdən yaxşı səviyyədə çıxmaq istəyirik. Uşaqlar dünən “Sumqayıt”ın əvəzedici komandasıyla qarşılaşdı və şükür Allaha, qələbə ilə geri döndülər (3:1 – red.). Əhval-ruhiyyə yaxşıdı. Növbəti matç noyabrın 6-da “Neftçi”yə qarşı idi. AFFA və PFL-dən oyun gününün dəyişdirilməsini xahiş etdik. Sağ olsunlar, müraciətimiz nəzərə alındı. Oyun 4-də keçiriləcək. Əsas məqam futbolçuların bərpasıdı. Liqa qarşılaşmalarında oyunçulara balanslı şans verib yorğunluğa mane olmaq istəyirik”.
Mütəxəssisin rəqib haqda düşüncələri isə belədi:
“Olimpiakos” yetərincə keyfiyyətli komandadı. Həm hücum, həm də müdafiə epizodlarında yaxşı təsir bağışlayır. Heyətində istedadlı futbolçular var. Təbii ki, hədəfimiz mərhələ adlamaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik. Məncə, şanslar bərabərdi. Daha az səhv edən tərəf qalib gələcək”.
KƏNAN BAHADIR