''Beşiktaş''a qarşı derbidə zədələnməsinə baxmayaraq ağrıkəsici hesabına olsa da, ''Bavariya''ya ilə görüşdə meydana çıxan və üstəlik qazandığı penaltini ''Panenka zərbəsi'' ilə yerinə yetirərək növbəti dəfə adından söz etdirən ''Qalatasaray''lı Mauro İkardi yavaş-yavaş qol sayında adını klub tarixinə yazdırmaqdadı.
"Football-plus.az" xəbər verir ki, argentinalı hücumçu cəmi 13 aydı, komandadadı. ''Bavariya'' ilə matçda o, ''Qalatasaray''ın heyətində 42-ci rəsmi oyunda 38-ci qolunu vurdu! Bu göstərici ilə o, Şabani Nondanı (37) geridə qoyaraq ''Cim-Bom'' tarixinin ən məhsuldar əcnəbi oyunçuları siyahısında ilk ''5-liy''ə daxil oldu.
Daha 7 qol vuracağı təqdirdə o, 4-cü pillədəki Uesli Sneyderi yaxalayacaq. Siyahıda 3-cü pillədə Bafetimbi Qomis (86 oyun, 51 qol), 2-ci pillədə Milan Baros (116 oyun, 61 qol), zirvədə isə George Haci (192 oyun, 72 qol) qərarlaşıb. Onu da bildirək ki, İkardi komanda ilə birlikdə Rizə səfərinə yollanıb. İstanbul nəhəngi bu gün debütant ''Çaykur Rizəspor''un qonağı olacaq. Amma İkardinin ağrıları hələ tam keçməyib, Bu üzdən onun oyunu buraxacağı və ya start heyətində olmayacağı istisna edilmir.
ƏLİ