“Qarabağ” “Sərhədçi”ni təmir etdirmək istəyir

16.10.2023 19:50 272
Premyer-liqa / Manşet
“Qarabağ” “Sərhədçi” İdman Kompleksində yerləşən futbol meydançasını icarəyə götürmək üçün kompleksin rəhbərliyi ilə danışıqlar aparır.

Danışıqlar uğurla yekunlaşarsa, bundan sonra burdan yalnız “Qarabağ”ın akademiya komandaları istifadə edəcəklər. Klub qazonunun yenilənməsi, sahəsinin böyüdülməsi xərclərini də öz üzərinə götürməyə hazırdı. Klub rəhbərliyi bu məqsədlə yerli şirkətlərdən biri ilə danışıq aparır.

“Sərhədçi” İdman Kompleksinin direktoru Firdovsi Umudov bildirdi ki, oktyabrda kompleksin meydançasında sərhədçilər arasında dünya çempionatının keçirilməsi nəzərdə tutulub. Maraqlısı budu ki, ilk müraciətimiz zamanı qurumun mətbuat xidmətindən “Qarabağ”la gedən danışıqlar barədə hansısa məlumata sahib olmadıqlarını dedilər. Firdovsi Umudov isə dünya çempionatını əsas gətirərək hər hansı təmirdən söhbət gedə bilməyəcəyini dedi. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin açıqlaması bütün suallara aydınlıq gətirdi:
“Hazırda “Sərhədçi” İdman Kompleksində təmir işlərinin aparılması, daha yaxşı şəraitin yaradılması ilə bağlı rəhbərlik səviyyəsində danışıqlar gedir. Bərpa işləri başa çatandan sonra meydançada 14 yaşdan yuxarı yaş qruplarımız məşq edəcəklər. Prosesi hansı şirkətin həyata keçirəcəyi isə danışıqlar yekunlaşandan sonra açıqlanacaq”.


Bu məsələ ilə bağlı “Qarabağ” Futbol Akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevin də fikirlərini öyrəndik:
“Hazırda danışıqların getdiyindən xəbərdaram. Biz əvvəldən “Sərhədçi”də məşqlərimizi keçirik. Lakin bundan sonra orda oyunların da təşkilində maraqlıyıq. Hazırda meydançanın sahəsi standartlara uyğun deyil, bərpa işlərindən sonra bu problem də həllini tapacaq. Bildiyiniz kimi, burda bir neçə yaş qrupumuz məşqlərini və oyunlarını keçirəcəklər. Bu baxımdan təbii ot örtüyünə diqqət yetirmək, qorumaq çox çətindi. Ona görə də yenilənmiş süni örtükdən istifadə edəcəyik”.


ADİL NƏHMƏTLİ