“Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Lüis Hemilton Qətər “Qran-pri”sinin startından sonrakı ilk döngədə yaşanan qəzaya görə tərəfdaşı Corc Rasselldən və “Mersedes” komandasından üzr istəyib:
“Daha sürətli təkərlərlə mübarizəyə başladığıma görə düşündüm ki, Corcu ötüb keçə biləcəm. Ancaq yer o qədər dar idi ki, hətta nə baş verdiyini dərhal anlamadım. Bu qəzada Corcun günahı yoxdu. Startda daha üstün mövqeyə yiyələnmək üçün risk etdim və komandaya ziyan vurdum. Təkrara baxandan sonra deyə bilərəm ki, 100 faiz mənim günahımdı. Corcdan və komandadan üzr istəyirəm”.
Xatırladaq ki, britaniyalı pilot elə ilk döngədə Rassell ilə toqquşmuş və maşın zədələndiyinə görə mübarizəni davam etdirə bilməmişdi. Corc isə trassa dönərək 4-cü yeri tutmuşdu.
Hemilton Qətərdə təkca qəza yaşamayıb, həm də maliyyə baxımından ziyana düşüb. Ona trassı təhlükəli şəraitdə keçdiyinə görə 25 min dollar cərimə kəsilib. İş ondadı ki, Rassell ilə qəzadan sonra bolidi tərk edən Hemilton boksa qayıtmaq üçün trassı keçib. Bütün peloton artıq irəlidə olsa da, müəyyən təhlükə qalırdı. Ona görə ki, Lüis trassı komanda yoldaşı Rassell pit-stopun ardından mübarizəyə qayıdandan cəmi bir neçə saniyə əvvəl keçib. Stüardlar Lüisi rəsmi şəkildə xəbərdarlıq edib, eləcə də 25 min dollar cərimə yazıb.
Yeri gəlmişkən, Rassell də toqquşma ilə bağlı açıqlama verib. Onun fikrincə, startda Hemiltonla təmas yaşamasaymış, qələbə uğrunda mübarizə apara bilərmiş:
“Ferstappenlə mübarizə aparmamaq üçün səbəb görmürəm. “Maklaren”dən sürətli olmasaq da, tempimizin olduğuna inanırıq. Piastrinin Maksa bu qədər yaxın olduğunu görmək, doğrudan da, təəccüblü idi. Komanda olaraq aldığımız nəticələrə görə məyusam. Bu il Mühəndislər kuboku mənim üçün fəlakət oldu. Tək hədəfim var: Mühəndislər kubokunda ikinci yeri tutmaq. Qətərdə böyük fürsəti əldən verdik. Lakin inanıram ki, bunu bacaracağıq. Hazıda əhvalım yüksəkdi, çünki bolid sürətli idi və doğrudan da əla yarış keçirdik”.