Türkiyə çempionatında 8-ci turun açılış oyununda səfərdə ''Adana Dəmirspor''a minimal hesabla məğlub olan ''Trabzonspor'' ilə bağlı diqqətçəkən xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, deyilənə görə rəhbərlik baş məşqçi Nenad Byelitsa ilə yolları ayırmaq qərarına gəlib! Komanda Adanada bu mövsüm 8-ci superliqa oyununda 4-cü məğlubiyyətlə üzləşdi. Uğursuz nəticələrdən başqa sərgilənən futbol da camiəni qane etmir. Byelitsa klub tarixində ilk 8 turda 4 məğlubiyyət yaşayan 5-ci məşqçi oldu. Rəhbərlik hazırda Byelitsa ilə təzminatla bağlı danışıqlar aparır. Ən qısa müddətdə istefanın rəsmən açıqlanacağı gözlənilir. Şaiyələrə inansaq, rəhbərlik 2021/22-də ''Trabzonspor''a tarixi çempionluq yaşadan Abdulla Avcını yenidən komandanın başına gətirmək istəyir.
Xatırladaq ki, 52 yaşlı Byelitsa qaradənizlilərin başına aprelin 19-da, yəni ötən mövsümün 2-ci dövrəsinin gedişində gəlmişdi. Onun dönəmində komandanın əsas problemi səfər oyunları ilə bağlı oldu. ''Trabzonspor'' Byelitsa ilə keçirdiyi 7 ev oyunundan 6 qələbə ilə ayrıldısa, səfərdə keçirdiyi 9 qarşılaşmanın 7-də məğlub oldu! Xüsusilə 6-cı turda ''Hatayspor''la səfər oyununda komandanın 2 topluq üstünlüyü əldən verərək 2:3 hesabı ilə məğlub olması Byelitsanın nüfuzuna güclü zərbə vurdu. Sonda qeyd edək ki, bu mövsüm Türkiyə çempionatında ilk 7 turdan sonra artıq 7 istefa reallaşıb. Byelitsa klubundan qovulan 8-ci məşqçiyə çevrilə bilər.
ƏLİ