Həftəortası keçirilən turlar həmişə sınaqdı.
"Football-plus.az" xəbər verir ki, bu dəfə “Barselona” sınaqdan keçə bilmədi. Pedri ilə De Yonqun zədəsi üzündən zəifləyən kataloniyalılar “Malyorka” ilə oyunda büdrədi və nəinki “Real”ı, qonşusu “Jirona”nı da özündən irəli buraxdı. “Vilyarreal”la oyunda əzmkar qələbə qazanan “Jirona” artıq vahid liderdi. Bu, klubun elitada çıxışı tarixində bir ilkdi. Üstəlik jironalılar bir neçə gündən sonra əsas izləyicisini də cəzalandıra bilər. Axı 8-ci turda onlar “Santyaqo Bernabeu”nun qonağı olacaq.
Turun qalan nəticələrinə gəlincə, elə bir sensasiya yoxdu. Ötən sayımızda turun ilk iki oyununun icmalını təqdim etmişdik. Bu dəfə qalan 8 oyuna toxunacağıq.
“Real” Madrid derbisindəki məğlubiyyətdən sonra bəraət qazanmalıydı. Rəqib də münasib idi: “Las-Palmas” bu mövsüm bir qələbə də qazanmamışdı. Ançelottinin heyətlə bağlı rotasiyaları ilk yarını sönük keçməsini şərtləndirdi. Sonradan meydan sahibləri təhlükəli vəziyyətlər yaratmağa başladı. Ancaq adalıların qolkiperi Xoselunun iki zərbəsinin qarşısını aldı, Diasla dueldən qalib ayrıldı. “Las-Palmas”ın ilk yarıda təzyiqə davam gətirəcəyi ilə bağlı ümidlər 3-cü uzatma dəqiqəsində boşa çıxdı. Vaskesin sağ cinahdan penalti nöqtəsi üzərinə göndərdiyi ötürməni nəzarətsiz qalan Dias tamamladı. 2-ci hissənin startından heç 10 dəqiqə keçməmişdi ki, “Real” 2-ci qolu vurmaqla oyunun taleyini həll etdi. Bu dəfə Rodriqo assistent rolunu oynadı, veteran Xoselu baş zərbəsi ilə fərqi artırdı. Final fitinə qədər bir daha təhlükəli vəziyyət yaranmadı.
“Atletik” – “Xetafe” oyunu, gözlənildiyi kimi, kobud mübarizə (11 sarı, 1 qırmızı vərəqə) şəraitində keçdi və yetərincə gözlənilməz nəticə ilə bitdi. Basklar çox tez irəli çıxdı. 24 metrdən cərimə zərbəsini yerinə yetirən Berçiçe “canlı sədd”i yardı. Bir neçə dəqiqədən sona Errera fərqi artıra bilərdi, ancaq qapıçı Soriya inamlı oynadı. Qonaqların heyətində həmişəki kimi Mayoral seçilirdi. İlk yarının sonunda “Atletik” iki-üç qol vura bilərdi. Ancaq Quruseta topu dirəyə, Berçiçe qapının yanından vurdu, De Markosun zərbəsinin öhdəsindən Soriya gəldi. İlk uzatma dəqiqəsində karate fəndi göstərən Sanset meydandan qovulmaqla “Atletik”in işini çətinə saldı. Fasilədən dərhal sonra “Xetafe” azlıqda qalan rəqibi cəzalandırdı. Hadisələrin belə axarından narazı qalan “Atletik” 62-ci dəqiqədə bir daha irəli çıxdı. Hər halda, “Xetafe” məğlubiyyətdən qurtula bildi. Sonradan meydana çıxan Latasa 83-cü dəqiqədə hava mübarizəsindən qalib ayrılıb topu tora göndərdi. Oyunun qalan dəqiqələrində və 10 uzatma dəqiqəsində hesab dəyişmədi. Əvəzində həmin zaman kəsiyində hakim futbolçulara 7 sarı vərəqə göstərdi, üstəlik qonaqların çalışdırıcısı Xose Bordalası da ehtiyat oyunçular skamyasından qovdu.
“Valensiya” “Real Sosyedad”la ev oyunu ərəfəsində favorit sayılırdı, ən azı turnir cədvəlində daha yuxarıda qərarlaşdığına görə. Basklar da səfər oyununa eksperimental heyətlə çıxmışdı. Onlar elə ilk təhlükəli vəziyyəti qola çevirdilər. Amallah 45-ci dəqiqədə meydandan qovulmaqla “yarasalar”ı azlıqda qoydu. Ruben Baraxanın komandası sona qədər çox çalışsa da, məğlubiyyətdən qaça bilmədi.
“Selta” ləngər vurur. Ötən tur Barselonada xal qazanmağa çox yaxın olan Rafael Benitesin komandası bu dəfə evdə “Alaves”i məğlub edə bilmədi. Düzdü, viqolular Marinin 35-ci dəqiqədəki avtoqolu ilə irəli çıxmışdı. Amma burda da qırmızı vərəqə oyunun taleyinin müəyyənləşməsində önəmli rol oynadı. De la Torre 68-ci dəqiqədə 2-ci “sarı” üzündən meydandan qovuldu, cəmi 5 dəqiqə sonra isə qonaqlar hesabı bərabərləşdirdi.
“Jirona” mövsümdəki 2-ci əzmkar qələbəsini “Vilyarreal” üzərində qazandı. Baxmayaraq ki, “sarılar” daha fəal idi və bunun məntiqi nəticəsi kimi 2-ci hissənin əvvəlində hesabı açdı. Bu qol sanki arı yuvasın uzadılan çöp idi. Kataloniyalılar necə qəzəbləndisə, 5 dəqiqə ərzində iki qol vurdular. Dovbiklə Erik Qarsiya fərqləndi. Əslində “Jirona” rəqibi darmadağın da edə bilərdi. Təəssüf doğuran məqam odu ki, Kike Setyen qovulandan sonra da “Vilyarreal”da heç nə dəyişməyib.
“Rayo Valyekano” yenə qol vura bilmədi, ancaq “Atletiko” və “Betis”lə oyunlardan fərqli uduzmadı da. Bu komandanın “Kadis”lə səfər qarşılaşmasında qol vəziyyətlərinin sayı o qədər də çox olmadı. Qol vəziyyətləri azdısa, deməli, qol ehtimalı da aşağıdı – 0:0.
“Betis” son turlarda heç cür qələbə qazana bilmir. 6-cı turda “Barselona” önündə darmadağın olan “xiyarlar” son iki oyunda heç-heçə edib. “Qranada” ilə səfər oyununda Diao 51-ci dəqiqədə onları irəli çıxarsa da, Boye 67-ci dəqiqədə meydan sahiblərinə 1 xal qazandıran qolu vurdu.
Pamplona səfəri “Atletiko” üçün asan alınmadı. Düzdü, Qrizmann 20-ci dəqiqədə hesabı açdı. Ancaq bundan sonra “Osasuna” təzyiqi artırdı. Moxikonun zərbəsi dirəkdən döndü. Fasilədən sonra Avila iki dəfə hesabı bərabərləşdirməyə yaxın oldu. Qol vəziyyətlərini sağa-sola dağıdan meydan sahibləri bədxərcliyə görə cəzalanmalıydılar ki, sonda belə də oldu. Linonun kəskin ara ötürməsindən sonra gənc Rikelme qapıçını da yerə sərib fərqi artırdı.
7-ci tur
Vilyarreal – Jirona 1:2
Parexo, 49-p. – Dovbik, 56. E.Qarsiya, 61. (17188)
Jirona: Qassaniqa, Qutyerres, Lopes, E.Qarsiya (Blind, 88), Martines (Kouto, 52), Savio, Martin (Portu, 53), Errera, A.Qarsiya, Sıqankov (Solis, 88), Dovbik (Stuani, 69).
Real – Las-Palmas 2:0
Dias, 45+2. Xoselu, 54. (65017)
Real: Kepa, Mendi (F.Qarsiya, 77), Alaba (Vaskes, 41), Rüdiger, Naço, Kamavinqa (Kroos, 77), Çuameni, Valverde, Dias (Sebalyos, 57), Rodriqo, Xoselu (Vinisius, 57).
Atletik – Xetafe 2:2
Berçiçe, 6. İ.Uilyams, 62 – Alvares, 51. Latasa, 83. (43091)
Atletik: Simon, Berçiçe, Paredes (Yeray, 46), Vivian, De Markos, Errera (Prados, 82), Vesqa (D.Qarsiya, 65), Berenger (Munyain, 85), Sanset, İ.Uilyams, Quruseta (R.Qarsiya, 65).
Osasuna – Atletiko 0:2
Qrizmann, 20. Rikelme, 81. (20192)
Atletiko: Oblak, Lino, Ermoso, Vitsel, Ximenes, Molina (Aspilikueta, 60), Saul, Koke, Lyorente (Rikelme, 67), Qrizmann, Morata.
Valensiya – Real Sosyedad 0:1
Fernandes, 32. (44200)
Qranada – Betis 1:1
Boye, 67 – Diao, 51. (18936)
Selta – Alaves 1:1
Marin, 35-öz qapısına – Omorodion, 73. (16852)
Kadis – Rayo Valyekano 0:0
(18505)
Turun çərşənbə axşamı keçirilən oyunları belə nəticələnib: Sevilya – Almeriya 5:1 (35729), Malyorka – Barselona 2:2 (19938).
1. Jirona 7 6 1 0 18-8 19
2. Real 7 6 0 1 13-6 18
3. Barselona 7 5 2 0 18-8 17
4. Atletik 7 4 2 1 13-6 14
5. Atletiko 6 4 1 1 15-5 13
6. Real Sosyedad 7 3 3 1 13-10 12
7. Rayo Valyekano 7 3 2 2 7-9 11
8. Valensiya 7 3 1 3 9-7 10
9. Kadis 7 2 3 2 6-8 9
10. Betis 7 2 3 2 7-12 9
11. Xetafe 7 2 2 3 10-13 8
12. Sevilya 6 2 1 3 11-9 7
13. Vilyarreal 7 2 1 4 10-13 7
14. Osasuna 7 2 1 4 7-10 7
15. Alaves 7 2 1 4 6-10 7
16. Malyorka 7 1 3 3 9-12 6
17. Selta 7 1 2 4 7-11 5
18. Las-Palmas 7 1 2 4 2-6 5
19. Qranada 7 1 1 5 10-18 4
20. Almeriya 7 0 2 5 8-18 2
Bombardirlər: Bellingem (Real), Levandovski (Barselona), Morata (Atletiko) – 5.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “İkinci hissənin axırında – biz tempi aşağı salanda narahat oldum. Oyuna lazım olan şəkildə nəzarət edə bilmədik, aşağı intensivliklə oynadıq ki, bu da məni narahat edir. İlk yarıda bir qədər bəxtimiz gətirmədi, ikincidə isə intensivlik çatmadı. Modriçlə Bellingemə dincəlmək imkanı yaratdım. Hərçənd Cud yorulduğunu deməmişdi. Mən topa nəzarət etməyin yox, qol vurmağın fanatıyam. Modriç yaxşı bilir ki, məhz hansı oyunlarda ona dincəlmək lazımdı. Bu gün nə Modriç oynadı, nə də Bellingem. Hər şeyi ən yaxşı şəkildə etməliyik. Rotasiya etməyə məcburam. Ona görə ki, mövsümün önəmli mərhələsindəyik. İrəlidə çoxlu oyun, zədəlilər var. Oyunçulara bütün gücünü meydanda qoymaq çətindi”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “İlk yarıda topa yaxşı nəzarət etsək də, ikincidə yorğunluq üzündən hücuma çıxmaq çətin idi. Xoşbəxtlikdən yaxşı əks-hücum qurduq, sonra daha bir qol vura bilərdik, ancaq bu ədalətsizlik olardı. Çox vacib qələbə qazandıq, indi istirahət etməliyik”.
Turun rəqəmi
500 – “Osasuna” ilə oyunun gedişində meydana çıxan “Atletik”in müdafiəçisi Aspilikueta milli çempionatlarda oyun sayını bu həddə çatdırdı. 34 yaşlı ispaniyalı “Çelsi”nin heyətində premyer-liqada 349 oyuna çıxıb. O, həmçinin “Osasuna”da 99, “Marsel”də 47 və “Atletiko”da 5 oyun keçirib.
Turun ulduzu
Vedat Muriqi (Malyorka) – düzdü, onun komandası “Barselona”nı məğlub edə bilmədi. Amma kosovolu hücumçu həm qol vurdu, həm də məhsuldar ötürmə verdi, komandasının xal qazanması üçün sona qədər çalışdı.
Turun sitatı
Oriol Romeu, “Barselona”nın yarımmüdafiəçisi: “Lap əvvəldən oyun yaxşı getmədi. Rəqibin əks-hücumları ilə bağlı çətinlik çəkdik, istədiyimiz kimi dominantlıq edə bilmədik. Komandalar qapananda və əsk-hücumda oynayanda bu normaldı. Biz rəqibə hədsiz çox fəaliyyət azadlığı verdik. Onların asanlıqla əks-hücum qurması bizi çox qaçmağa məcbur edirdi. Bu məqamın üzərində işləməliyik”.