PFL “Qəbələ”nin iradını qəbul etmədi

1.10.2023 16:51 217
Ölkə futbolu / Manşet
“Qəbələ-2” oktyabrın 4-də Gənclər Liqasının 1-ci mərhələsinin ilk oyununda “Puşkaş Akademiyası” (Macarıstan) ilə qarşılaşacaq.

Xatırlayırsızsa, komandanın son durumuyla bağlı baş məşqçi Famil Xəlilovla danışmışdıq. Çalışdırıcı matça hazırlıq prosesinin daha fayda olması məqsədilə PFL-ə müraciət etdiklərini, Əvəzedicilər və U-19 liqalarındakı oyunların təxirə salınmasını istədiklərini demişdi. Lakin sözügedən qurum U-19-un oyunlarını təxirə salsa da, Əvəzedicilər liqasında "Kəpəz-2" ilə oyunun tarixini tezləşdirmişdi. Bilindiyi kimi, "Qəbələ-2"nin aparıcı oyunçuları U-19-un heyətində yox, Əvəzedicilər liqasının görüşlərində çıxış edir. Dəqiq desək, məhz "Kəpəz-2"ylə sınağın təxirə salınması daha vacib idi. Bəs PFL niyə bu yöndə əlverişli addım atmayıb? Sualımızı qurumun media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Sözügedən oyunun vacibliyini bilirik. Düzdü, onlar bizə müraciət etdilər. Biz də Əsasnaməyə uyğun olaraq "Kəpəz-2" ilə oyunun vaxtını tezləşdirdik ki, həm matçdan sonra istirahət etməyə daha çox vaxtları olsun, həm də avrokubok oyununa hazırlaşa bilsinlər. Təbii ki, bu rəqib komandanın razılığı ilə oldu. "Qəbələ" daha öncə PFL-ə qərardan razı qaldığını açıqlayıb".

KƏNAN BAHADIR