Millət vəkili Qənirə Paşayeva srağagün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat etdi.
48 illik ömründə saysız-hesabsız uğur qazanan Qənirə xanım həyatdan nakam köçdüyünü iddia edə bilərik. Onun ideyaları, planları arasında futbol da var idi. Tovuzlu olduğundan xüsusən “Turan Tovuz”un uğurları üçün xeyli əziyyət çəkdiyi heç kimə sirr deyil. Mərhum həmkarımız futbolun inkişafı yolunda da əməyini əsirgəmirdi. Hədsiz çox məşğul olsa sa, Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının da üzvü idi.
Biz də onun parlaq xatirəsinə biganə qala bilməzdik. “Futbol+” olaraq, mövzuya məhz futbol prizmasından yanaşacıq. Yuxarıda Qənirə xanımın FİF-in Himayəçilər Şurasının üzvü olduğunu qeyd etdik. Dünən FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq, mərhum millət vəkilini xatırladıq.
- Təəssüf ki, həm də Azərbaycan futbolu üçün ağır itkiylə üzləşdik. Qənirə xanımı necə xatırlayırsız? Onunla birgə fəaliyyət sizdə hansı təəssüratları yaratmışdı?
- İlk tanışlıq ötən ilin əvvəli FİF-in Himayəçilər Şurasında təmsil olunması haqda təklifimizlə bağlı olmuşdu. İlk cavabı bu idi: “Turan Tovuz” premyer-liqaya qayıdırsa, razıyam”. Onunla bütün görüşlər uzun və maraqlı keçirdi. Məncə, jurnalist keçmişiylə bağlı yaxşı dinləmə və təhlil qabiliyyəti var idi. Çox vətənpərvər, qayğıkeş və xeyirxah insan idi. Görünəndən qat-qat artıq görünməyən xeyirxah əməlləri olub. Ətrafına cəlb etdiyi böyük insan kütləsini də xeyirxah əməllərə sövq edirdi.
- Qənirə xanımla birgə hansı layihələr üzərində çalışmısız? Yeni planlar var idi?
- Deyərdim ki, Himayəçilər Şurasının ən fəal üzvü idi. Bilindiyi kimi, builki iclasda növbəti sədr seçkisi keçirildi. Qənirə xanım yekdilliklə sədr seçilməsinə baxmayaraq, təklif və təkid etdi ki, iki həmsədr olsun. Biz də onun arzusuna hörmətlə yanaşdıq və istəyini reallaşdırdıq. Həmsədr olmasıyla bağlı bu il əvvələ nisbətən daha sıx-sıx görüşür, telefonla əlaqə saxlayırdıq. Himayəçilər Şurasının iclaslarında təklif və ideyaları bitib tükənmirdi. FİF-in yaranmasından da əvvəl öz təşəbbüsüylə “Turan Tovuz” üçün ianə layihəsi keçirmişdi. Ümumiyyətlə, həmişə bu kluba dəstək olurdu. Tovuz təmsilçisinin baş sponsoru “Huner Group”un rəhbəri Ehtiram müəllimlə ilk tanışlığımız da məhz Qənirə xanım sayəsində baş tutmuşdu.
- Onunla görüşləriniz necə keçirdi? Əminik ki, xoş və maraqlı xatirələriniz olub...
- Görüşlərimiz, adətən, günün ikinci yarısı, axşama yaxın olurdu. Tükənməz enerjisinə rəğmən, gündəlik gərgin iş rejiminə görə yorğunluğu hiss olunurdu. Mən bunu nəzərə alıb müzakirəni nə qədər qısaltmağa çalışsam da, hər sualı detallı incələyir, suallar verir, ehtiyac olanda ayrı-ayrı şəxslərə zəng edib onları də məsələyə cəlb edirdi. Heç nəyə etinasız yanaşmazdı. Bizim görüşümüzdən sonra isə əmin idim ki, o hələ ən azı 3-4 görüş keçirəcək və əlavə hansısa tədbirə qatılacaq.
- Futbolla bağlı hansı arzularını sizinlə bölüşmüşdü?
- Düzdü, əsas arzusu “Turan Tovuz”la bağlı idi. Amma, regionlarda futbolun inkişafını istəyirdi. “Kəpəz”in vəziyyəti də onu çox narahat edirdi.
- Qənirə xanımın dəfn mərasimində sizi də gördük…
- Bəli… Əməkdaşlarımız və Himayəçilər Şurasının üzvləri ilə birlikdə mərasimdə iştirak etdik. Böyük xalq sevgisi hiss edilirdi. Azərbaycan xalqı və türk dünyası üçün böyük itkidi. Allah rəhmət eləsin!
Göründüyü kimi, Tural bəy də Qənirə Paşayevanın “Turan Tovuz”la bağlı düşüncələrindən söz açdı. Mövzunun önəmini nəzərə alaraq, sözügedən klubun icraçı direktoru Nadir Nəbiyevə də tribuna verdik. Klub rəsmisi acı xəbərlə bağlı özünü yaxşı hiss etmədiyini və ətraflı danışa bilməcəyini desə də, bu fikirləri əlavə etdi: