Dünyanın sabiq bir nömrəli tennisçisi, isveçrəli Rocer Federer peşəkar karyerasını bitirəndən sonrakı həyatı haqda danışıb:
“Əlbəttə, tennis üçün darıxıram. Hansısa mənada oyunla bağlı olan hər şey, kortdakı həyəcanlı məqamlar üçün darıxıram. Breyk-poyntlar, matç-poyntlar, titul qaldırmaq, azarkeşlərin sevgisi, foto… Əlbəttə, müntəzəm getdiyim, çoxlu dostlarımın olduğu yerlər üçün də darıxıram. Hələ də hiss edirəm ki, özümə ayırmaq üçün yetərincə vaxtım yoxdu, axı 4 uşağım var. İndi mən uşaqlarım üçün peşəkar sürücü, təşkilatçı və menecerəm”.
Xatırladaq ki, karyerasını ötən il bitirən 42 yaşlı tennisçi 20 dəfə “Böyük dəbilqə” qazanıb, 6 dəfə şəxsi hesabda ATP Yekun turnirinin, 111 dəfə isə ATP turnirinin qalibi olub. İsveçrəli həmçinin 2008-ci ildə keçirilən Olimpiadanın qızıl medalını da qazanıb.