“Kəpəz”in sərgərdan həyatı başlayır: Tovuz, Qəbələ, Bakı, bəlkə Yevlax? - AÇIQLAMA

28.09.2023 23:21 1 227
Premyer-liqa / Manşet
Xoşbəxt günlər yaşayırıq.

Futbolumuzda da sevincli hadisələr baş verir. Uzun zamanda həll olunması gözlənilən Gəncə stadiondakı problem aradan qaldırılır. Ölkənin ən böyük şəhərinin arenası sökülərək yenidən tikiləcək. Stadionun tutumu 16 min olacaq. Düzdü, Gəncədə daha böyük arenanın tikilməsi məqsədəuyğundu. Lakin buna da şükür!

Misli premyer-liqasının 8-ci turunda “Kəpəz” “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma oktyabrın 1-də Gəncədə keçiriləcək. Bu, çox güman, “sarı-göylər”in 2023/24 mövsümündə doğma şəhərdəki son oyunu olacaq. Bəs “Kəpəz” ev matçlarını harda keçirəcək? Müxtəlif versiyalar var. Məsələn, gəncəlilər Tovuzda, Qəbələdə, hətta Yevlaxda da oynaya bilər. Düzdü, Bakı seçimi də var. Amma bu, “Kəpəz”ə baha başa gələr. Çünki yol və stadion üçün əlavə xərc çəkmək lazımdı. “Sarı-göylər” üçün ən sərfəli seçim yaxınlıqda yerləşən şəhər və rayonların stadionu ola bilər. Şəxsi fikrimə görə, ən ideal variant Yevlaxdı. Çünki burda premyer-liqa oyunları keçirilmir. Hazırda bu arenanın vəziyyəti yaxşıdı. Hətta stadionda elektron tablo da var. Ot örtüyünün durumu da normaldı. Gəncə ilə Yevlax arasındakı məsafə cəmi 71 kmdi. Azarkeşlər də rahat şəkildə komandalarının oyunlarını stadiondan izləyə bilərlər. Bəs, klub necə düşünür? “Kəpəz” hara köç etmək niyyətindədi? “Sarı-göylər”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi:

“Stadionla bağlı məsələdə hələ rəsmi bir şey yoxdu. Bu mövzuda hərəkətlilik var. Gələn-gedənlər var. Baxırlar, araşdırırlar, görüşlər keçirilir. Amma məsələlərə bizim “Qəbələ” ilə ev oyundan sonra aydınlıq gələ bilər. Çünki əvvəlki danışıqlarda belə bir məqam var idi ki, söküntü getsə də, ev oyunlarımızı Gəncəki stadionda keçirə bilərik. Bu variant alınmasa, daha çox Tovuz seçimi haqda düşünürük. Həmin rayon bizə daha yaxındı. Həm azarkeşlərimiz gedə bilər, həm də xərcimiz az olar. Bu səbəbdən də daha çox Tovuz üzərində fokuslanmışıq. Rəsmi səviyyədə hər şey bəlli olandan sonra seçim edəcəyik. Yevlax variantı da yaxşı təklifdi. Düzdü, orda tablo da var. Lakin stadionla maraqlanmaq lazımdı ki, premyer-liqa standartlarına uyğun gəlir, ya yox. Hər halda, bir müddət gözləməliyik. Bütün məsələlər aydın olsun, ondan sonra biləcəyik ki, harda məskunlaşacağıq”.


İLKİN SULTANLI