AFFA-nın komitəsi Tural Bayramlının işinə baxdı

22.09.2023 21:15 249
Premyer-liqa / Manşet
Son vaxtlar premyer-liqa klubları sabiq futbolçuları və məşqçiləri ilə problem yaşayırlar.

Oyunçular və çalışdırıcılar komandalarımızı müqavilə şərtlərini yerinə yetirməməkdə günahlandırır. Belə mübahisələrdən biri də “Araz-Naxçıvan”ın üzvü Tural Bayramlı ilə “Səbail” arasında yaşanır. Yarımmüdafiəçi “dənizçilər”dən AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib. Futbolçu iddia edir ki, klub müqavilə şərtlərinə uyğun olmayaraq onunla yolları ayırıb. Tural Bayramlı Bakı təmsilçisindən bir mövsüm ərzində alacağı məbləği tələb edir.

Sentyabrın 19-da tərəflərin dinlənilməsi prosesi baş tutub. Prosesdə nələrin baş verdiyi ilə bağlı hansısa məlumatımız yoxdu. Məsələ ilə bağlı geniş informasiya əldə etmək üçün Tural Bayramlının vəkili Elcan Həsənli ilə əlaqə saxladıq. Tanınmış hüquqşünas qəzetimizə açıqlamasında bunları söylədi:
“Mən hazırda Türkiyədəyəm. İki gün öncə dinləmədə onlayn şəkildə iştirak etdim. Prosesin necə baş verdiyini anlatdıq. Heç bir qərar verilməyib. Danışılan məsələlər məxfidi deyə, sizə hansısa məlumat verə bilmərəm”.


Elcan bəy yekun qərarın verilmə tarixi ilə bağlı da fikirlərini bildirdi:
“Qayda belədi ki, icraata başlanılan vaxtdan sonra 45 gün ərzində qərar verilməlidi. Amma komitənin sədri müddəti artıra bilər. 45 gün də sentyabrın axırı edir. Həmin vaxta kimi qərar açıqlanmalıdı. Amma gözləyirik. Yenə deyirəm, komitənin sədri işin mürəkkəbliyinə uyğun olaraq, müddəti artıra bilər”.


İLKİN SULTANLI