“Mingəçevir” İntizam Komitəsinin qərarlarından narazıdı - AÇIQLAMA

19.09.2023 21:50 280
I liqa / Manşet
Bu gün İntizam Komitəsinin iclası keçirilib.

“Football-plus.az” xəbər verir ki, tədbirdə 1-ci liqanın ilk turunun “Karvan” – “Mingəçevir” matçında başverənlərlə bağlı qərarlar qəbul olunub. Meydan sahiblərinin oyunçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Karvan” klubu 350 manat cərimə edilib.
“Mingəçevir”in qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimələnib. Bundan əlavə, “şəhərlilər”in futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Mingəçevir” 300 manat cərimə edilib. Həmçinin qonaqların məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimə edilib.

Qərarlardan belə başa düşülür ki, “Mingəçevir” İntizam Komitəsinin qəzəbinə tuş gəlib. Bəs klub rəhbərliyi qurumun qərarları ilə razıdı? Bu sualı “şəhərlilər”in İdarə Heyətinin sədr müavini Ruslan Həmidova ünvanladıq:

“Qərarla razı deyiləm. Oyunda yaşananları hamı gördü. Rövşən Rəcəbov və köməkçisi Müşfiq Teymurovun hərəkətlərinə vaxtında müdaxilə etsəydi, hadisələr belə cərəyan etməyəcəkdi. Elçinin cəzası ilə razılaşmaq olar. Lakin Elvin nə edib ki? Oyunçunu itələməyə görə 4 oyunluq cəza çoxdu. Hətta oyun vaxtı belə o, qırmızı vərəqə almamalıydı. Köməkçi məşqçimiz etiraz etdiyi üçün onu da 2 oyunluq cəzalandırıblar. “Mingəçevir” qərarlardan narazıdı. Onsuz da baş hakim Rövşən Rəcəbovla bağlı şikayətimizi AFFA və PFL prezidentlərinə, baş katib Sərxan Hacıyevə, Hakimlər Komitəsinin sərdi Barış Şimşəyə göndərmişik”.


İLKİN SULTANLI