Futbolun İnkişaf Fondunun nümayəndələri 1-ci liqa təmsilçiləriylə görüşlər zamanı peşəkarlığın artırılması üçün bundan sonra oyunlara girişin bilet satışı ilə olması təklifini irəli sürüb. "İmişli" ilə "Zaqatala" ilk turda bilet satışını həyata keçirib. Biletlərin qiyməti də 1 manat təşkil edib. Zaqatala təmsilçisi mövsümlük bilet satışı elanı da verib.
Bəs 1-ci liqanın qalan klubları ev oyunlarına bilet satışı həyata keçirəcək, yoxsa giriş yenə sərbəst olacaq?
"Football-plus.az" saytı bu sualla klub rəsmilərinə müraciət etdi.
Ədalət Abdullayev ("Araz Saatlı"nın prezidenti):
"İlk oyundan bilet satışı həyata keçirdik. Qiyməti də 1 manat qoymuşduq. Amma biilet satışından çox veteranlara, rayonun ictimai, siyasi xadimlərinə və digər rəsmi şəxslərə hədiyyə bilet payladıq. İlk turda bunu etməkdə məqsədimiz təbliğat-təşviqat xarakteri daşıyırdı. Amma bilet satışı davam etdiriləcək".
Bəhruz Musayev ("Karvan"ın mətbuat katibi): "Azarkeşlərimiz üçün giriş sərbəstdi".
Kamran İsmayılov ("Şamaxı"nın meneceri): "Şəxsən özüm də daxil klub rəhbərliyi stadiona girişi bilet satışı ilə həyata keçirməyin tərəfdarıyıq. İnkişaf etmək, peşəkarlaşmaq istəyiriksə, bu işi həyata keçirməliyik. Amma ola bilər ki, birisigün mövsümdə ilk ev oyunumuzu keçirəcəyik deyə, stadiona giriş sərbəst olsun. Bu barədə ya bu gün, ya da sabah rəhbərlik bir araya gələrək müzakirə aparacaq. Ümumiyyətlə, cari “futbol ili”ndə oyunlara giriş pullu olacaq. Təbii ki, qiymətlər də astronomik səviyyədə olmayacaq".
Asəf Məlikov ("Difai Ağsu"nun prezidenti): "Hələlik ev oyunlarımız üçün bilet satışı nəzərdə tutulmayıb. Giriş sərbəstdi".
Azər Həşimov ("Qaradağ Lökbatan"ın baş məşqçisi): "Azarkeşlərimiz üçün giriş mövsüm boyunca sərbəst olacaq".
ABDULLA İSMAYILOĞLU