Yay fasiləsində xeyli legionerlə anlaşan “Araz-Naxçıvan” daha bir əcnəbi futbolçusunu heyətinə qatmaq üzrədi. Söhbət Aksel Nqandodan gedir.
Bu haqda “Football-plus.az”a Muxtar Respublika təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov məlumat verdi. Klub rəsmisinin sözlərinə görə, futbolçu tibbi müayinədən keçəndən sonra onunla münasibətlər rəsmiləşəcək. Maraq üçün qeyd edək ki, Nqando mərkəz yarımmüdafiəçisidi. Kamerun əsilli fransalı ölkəsinin “Oser”, “Anje”, “Bastiya” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib. Onun sonuncusu komandası “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubirin peşəkar karyerasına başladığı “Qrenobl” (Fransa) olub. Aksel adı çəkilən 2-ci liqa klubunda 19 matç keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onu da bildirək ki, futbolçu bu il iyulun 1-dən klubsuz olduğundan “Araz-Naxçıvan”a azad agent kimi gəlib.
Eldəniz bəy saytımıza açıqlamasında “Araz-Naxçıvan”ın mətbuat xidmətinin yeni rəhbərinin adını da açıqlayıb. Bu, Futzal Federasiyasının da sözçüsü olan Mahal Məmmədovdu. Təcrübəli jurnalist sentyabrın 4-də bu vəzifəyə təyin edilib.
KƏNAN BAHADIR