Fransa hələ də qol buraxmayıb

11.09.2023 22:11 221
Sentyabrın 7-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin 5-ci turu çərçivəsində 9 oyun keçirildi.

"Football-plus.az" xəbər verir ki, əslində hansısa sensasiyadan danışmaq çətindi. Uzaqbaşı Macarıstanın səfərdə Serbiyanı məğlub etməklə qrup liderliyini ələ keçirməsini, Qazaxıstanın ilk məğlubiyyətini və seçmə mərhələyə yaxşı başlayan Yunanıstanın darmadağını vurğulamaq olar.

Bu qrupun hər iki oyununda meydan sahibləri qalib gəldi. Fransa İrlandiyanın qapısından iki cavabsız qol keçirdi. Belə qələbələr haqda, adətən, “səviyyə hesabına qazanılan” deyirlər. Fransa oyunboyu İrlandiyadan daha güclü olduğuna, mütləq qələbə qazanacağına şübhə yeri qoymadı. Topa və əraziyə nəzarət tam meydan sahiblərində idi, onlar oyunun təşkili və qarşılıqlı anlaşma baxımından yüksək səviyyə göstərdilər. Oyunun axarı elə idi ki, İrlandiya yığması ancaq müdafiə olunurdu, hücum əməliyyatları barədə düşünməyə, sadəcə, vaxt yox idi. Qonaqlar cəmi bir neçə dəfə Menyanın qoruduğu qapıya yaxınlaşdılar. Fransa yığması isə daim rəqibin cərimə meydançası önündə müxtəlif kombinasiyalar qurur, hədəfə çatmağa çalışırdı. Düzdü, söhbət çoxlu qol vəziyyətindən getmir. Axı Deşamın komandası sakit davranır, “qənaət” rejimində oynayırdı. Hesab 19-cu dəqiqədə - Çuameninin uzaqdan zərbəsindən sonra açıldı. 2-ci hissənin əvvəlində isə hələ 26-cı dəqiqədə zədələnən Jirunu əvəz edən Türam yığmada qol hesabını açmaqla komandasının üstünlüyünü möhkəmləndirdi. İnamla liderlik edən Fransa hələ də qapısından qol buraxmayıb.

Qrupun digər oyununda Niderland da Yunanıstan üzərində inamlı qələbə qazanmaqla bu komandanı 2-ci pillədən sıxışdırdı. Oyunun taleyi elə ilk yarıda həll olundu. Daha doğrusu, ilk yarı Dumfrisin benefisinə çevrildi. O, De Roonla Veqhorstun fərqlənməsinə şərait yaratdı. Dumfris sağ cinahda “at oynadırdı”. Formal müdafiəçi roluna baxmayaraq, o, hücum əməliyyatlarında da yetərincə fəal idi. Yunanlar 2-ci yarıda bir qədər fəallaşsalar da, bu heç təsəlli qolunu vurmağa da yetmədi. Onların son 12 ildə ilk dəfə qitə birinciliyinə qatılması çətin olacaq, çünki ilk iki pilləni artıq Fransa ilə Niderland ələ keçirib.

B qrupu
Fransa – İrlandiya 2:0 (1:0)
Fransa: Menyan, Kunde (Pavar, 89), Upamekano, Ernandes (Saliba, 73), Çuameni, Rabyo, Dembele (Koman, 73), Qrizmann (Kamavinqa, 90), Mbappe, Juru (Türam, 26).
İrlandiya: Bazunu, Daffi, Kollinz, Yeqan, Stivens (Makklin, 46), Braun, Molambi (O`Şi, 67), Kallen, Nayt, Ayda (Kin, 67/Konnolli, 78), Oqbene (Ebosele, 84).
Qollar: Çuameni, 19 (1:0). Türam, 48 (2:0).
Vərəqələr: Ernandes, 21. Kallen, 47. Qrizmann, 87 – sarı.
Hakim: Urs Şnider (İsveçrə).
7 sentyabr. Paris. 43995 tamaşaçı.
Niderland – Yunanıstan 3:0 (3:0)
Niderland: Flekken, Dumfris (De Liqt, 85), Van Diyk, Ake (De Vrey, 46), Gertryuyda, Blind, De Roon (Reynders, 65), De Yonq (Verman, 77), Simons, Qakpo (Lanq, 65), Veqhorst.
Yunanıstan: Vlahodimos, Rota (Yannulis, 69), Hatsidyakos, Retsos, Simikas, Bakasetas (Buhalakis, 77), Mantalos, Kurbelis (Kulyerakis, 69), Siopis, Masuras (Funtas, 69), Pavlidis (Yakumakis, 73).
Qollar: De Roon, 17 (1:0). Qakpo, 31 (2:0). Veqhorst, 39 (3:0).
Vərəqələr: Siopis, 11. Ake, 43. Simikas, 44. Kurbelis, 68. Mantalos, 75. Van Diyk, 90+1 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
7 sentyabr. Eyndhoven. 32079 tamaşaçı.
1. Fransa 5 5 0 0 11-0 15
2. Niderland 3 2 0 1 6-4 6
3. Yunanıstan 4 2 0 2 5-5 6
4. İrlandiya 4 1 0 3 4-5 3
5. Cəbəllütariq 4 0 0 4 0-12 0
Növbəti turun oyunları sentyabrın 10-da keçiriləcək: Yunanıstan – Cəbəllütariq, İrlandiya – Niderland.

Oyundan sonra
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“Uğura nail olmaq üçün zəruri hər şey etdik. Böyük müdafiə blokuna malik aqressiv komanda ilə oyunda xeyli qol vəziyyəti yaratdıq. Daha yüksək sürət göstərə bilərdik. İki qol vurduq və qol buraxmadıq – bu yaxşıdı. Hədəfə doğru addımlayırıq. Təəssüf ki, daha çox qol vurmaq mümkün olmadı. Ancaq ümumilikdə razıyam və komandamla qürur duyuram. Mbappe qol vurmadı? Bu gün çox yaxşı çalışdı. Mətbuat konfransına gəlməməsinin səbəbi? Kapitan hər yerdə olmağa borclu deyil. Fikrimcə, bu milli komandanın maraqlarına xidmət edir. Kilianı burda görməkdə maraqlı olmağınızın səbəbini yaxşı anlayıram. Düşünmürəm ki, burda olsaydı, ona İrlandiya ilə oyunla bağlı çox sual verəcəkdiz. Kollektivin maraqları mənim üçün şəxsi maraqlardan üstündü. Kilian qaydasındadı, komandasına dönüb, daim oynayır. Fiziki və psixoloji baxımdan hər şey qaydasındadı, o, kapitan statusuna tam uyğun gəlir”.


Konstantinos Simikas, Yunanıstan yığmasının müdafiəçisi:
“Düşünürəm ki, heç nə qaydasında getmədi. Ona görə ki, komanda şəklində lazımında müdafiə olunmadıq. Biz futbol oynamağa çalışdıq. Lap əvvəldən bilirdik ki, dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Rəqibin topla və topsuz ən müxtəlif bacarıqlara malik çoxlu yaxşı futbolçusu var. İlk yarıda yaxşı oynamadıq, üç qol buraxdıq. Ancaq düşünürəm ki, bütün futbolçular bacardığını meydanda qoydu. Son dəqiqəyə qədər qol vurmağa çalışdıq. Son nəticədə bu məğlubiyyəti qəbul etmək lazım gəlir. Bundan sonrakı hər oyunu final kimi qəbul etməliyik. Düşünürəm ki, lap əvvəldən daha diqqətli olmalıydıq, komanda kimi düzgün müdafiə olunmalıydıq, bir-birimizə yardım etməyə çalışmalıydıq. Əlbəttə, 2-ci yer uğrunda mübarizə aparmaq imkanımız var. 2-ci olacağımıza ümid edirəm”.